15 iyul 2022-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə əməkdaşlığı çərçivəsində “BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyasının (CEDAW) həyata keçirilməsində qeyri-hökumət təşkilatlarının rolu” mövzusunda tədbir keçirilib.
QHT.az xəbər verir ki, tədbirdə çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları cəmiyyətin bütün sferalarının inkişafı, tərəqqisi üçün öz layihələri ilə töhfə verməyə çalışırlar. Agentlik olaraq biz də bütün sahələr üzrə fəaliyyət göstərən QHT-lərin layihələrinə müxtəlif formalarda dəstək oluruq.
Bu baxımdan məişət zorakılığı ilə mübarizə, ailə dəyərlərinin təbliği, uşaq hüquqlarının qorunması, qadınlara qarşı ayrı-seçkilik məsələləri də bizim daim gündəmimizdədir və qrant müsabiqələrində mövzu kimi elan edilir. A.Əliyeva qeyd edib ki, 2021-ci il kiçik qrant müsabiqəsində ailə, qadın, uşaq və gender məsələləri istiqaməti üzrə 37 qeyri-hökumət təşkilatının layihəsinə ümumilikdə 330 min manatdan çox vəsait ayrılıbdır. Layihələr çərçivəsində Bakıda və regionlarda 10-larla tədbir keçirilmiş, müxfəlit maarifləndirmə materialları hazırlanıbdır.












