Azərbaycanda məktəbəqədər təhsil sahəsi uzun müddət kifayət qədər diqqətdən kənarda qalmışdı. Son illərdə isə bu sahədə ciddi islahatlar həyata keçirilmiş, müəssisələr Elm və Təhsil Nazirliyinin tabeliyinə keçərək proqram təminatı, kadr məsələləri və qidalanma sahəsində önəmli inkişaflar əldə etmişdir.

Təhsil eksperti Məzahir Məmmədli QHT.az-a açıqlamasında bildirib ki, son beş il ərzində bu müəssisələr artıq Elm və Təhsil Nazirliyinin tabeliyinə keçirilib.

O qeyd edib ki, əvvəllər yerli icra orqanlarının nəzarətində olan məktəbəqədər təhsil müəssisələrində həm tədris, həm maddi-texniki baza, həm də qidalanma baxımından ciddi boşluqlar mövcud idi. “Artıq Elm və Təhsil Nazirliyi proqram təminatı, qidalanma və kadr məsələləri ilə bağlı əhəmiyyətli addımlar atıb. Son üç-dörd ildə görülən tədbirlər nəticəsində Azərbaycan məktəbəqədər təhsili qabaqcıl ölkələrin təcrübəsinə uyğun inkişaf edib,” – M.Məmmədli vurğulayıb.

Ekspert əlavə edib ki, Azərbaycan nümunəsindən istifadə və təcrübədən yararlanmaqla UNESCO artıq müəyyən təşəbbüslər irəli sürüb. “Bu, ürəkaçan mənzərədir. Gələcəkdə yaş qrupları arasında tədris nəticələrinin daha da yüksəldilməsi imkanları əldə olunarsa, Azərbaycan bu sahədə özünü tam sübut etmiş olacaq,” – deyə Məzahir Məmmədli bildirib.

Zəhra Ağayeva