"Bu gün Azərbaycanda dövlət- QHT münasibətləri “yardım modeli” çərçivəsindən çıxaraq, qarşılıqlı məsuliyyət, etimad, şəffaflıq modeli üzərində qurulur. Bu, yeni mərhələyə yüksəlmədir. Məqsəd yalnız müxtəlif layihələr maliyyələşdirmək deyil, onun təsirini, özü də sistemli təsirini ölçə bilmək, layihələri mütərəqqi ictimai dəyərə çevirməyə nail olmaqdır.

QHT.az xəbər verir ki, bunu Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev bildirib. 

"Son 2 ildə Azərbaycan QHT-lərinin ən böyük uğuru dünyaya açılmalarıdır. COP29 dövründə 137 ölkədən BMT statuslu 1023 QHT-nin Azərbaycanın lehinə bəyanat verməsi ilk dəfə baş verən tarixi hadisə idi. Prosesin davamı olaraq, 115 ölkədən nüfuzlu QHT-lərin iştirakı ilə 2025-ci ilin aprelində Bakıda Qlobal Cənub QHT Platforması təsis olundu. Qlobal Cənubda dünya əhalisinin 80%-i yaşayır, bu ucsuz-bucaqsız regionun vətəndaş cəmiyyətini ilk dəfə məhz Azərbaycan QHT-ləri birləşdirə bildi. Qürur hissi ilə deyə bilərik ki, Azərbaycan vətəndaş cəmiyyətinin təşəbbüsü dünyanın 3/2 hissəsini əhatə edən bölgədə beynəlxalq dəstək qazandı. Bakı Qlobal Cənub QHT Platformasının daimi mənzil qərargahına çevrildi.

Bu gün Qlobal Cənub QHT Platforması Qlobal Şimalla müqayisədə beynəlxalq təşkilatlarda məhdud təmsilçiliklə razılaşmır, iştirakını artırmağa çalışır. Platformaya rəhbərliyin Azərbaycan QHT-lərinə həvalə edilməsi tarixi imkanlar açır. Verilən məlumatlara görə, 2026-cı ilin mayında Qlobal Cənub QHT Platformasının Baş Assambleyası da Bakıda keçiriləcək."