Ölkə xaricdən ixtisaslı fəhlələr gətirməyə məcbur olub
Azərbaycanda texniki və texnoloji ixtisaslar üzrə təhsil alan tələbələrin sayı qat-qat artırılmalıdır. 4-cü Sənaye inqilabına keçidə qədəm qoymuş ölkənin hədəflədiyi iqtisadi gələcək bunu tələb edir.

Davos İqtisadi Forumunda müəyyən edilmiş və yaxın perspektiv üçün dünyanın həll etməli olduğu çağırışlar da bunu qaçılmaz edir. Bu çağırışlar dünya ölkələrinin ekstensiv iqtisadi modeldən intensiv iqtisadi modelə keçməsinin vacibliyini ortaya çıxarır.

Yəni iqtisadiyyatlar istehsalada elmi və texnoloji yeniliklərin tətbiqini artırmaqla qlobal problemlərin mənfi təsirlərinin qarşısını ala bilərlər. Bu isə, təbii ki, modern biliklərə malik mühəndis kadrların yetişdirilməsini aktuallaşdırır.

Amma bu sahədə statistik göstəricilər Azərbaycanın xeyrinə deyil. Ölkəmiz adambaşına düşən mühəndis kadrlarının və bu istiqamətdə hazırlanan tələbələrin sayına görə qabaqcıl iqtisadiyyatlardan bir neçə dəfə geri qalır.

Məsələn, 4,34 trilyon dollarlıq ümumi daxili məhsulu ilə Avropanın birinci və dünyanın dördüncü iqtisadiyyatına malik Almaniyada 555 min tələbə dövlət hesabına texniki və texnoloji ixtisaslar üzrə ali təhsil alır. Yəni ölkənin hər min nəfərinə təhsil haqqı ödəmədən mühəndislik oxuyan 6,6 tələbə düşür.

Azərbaycanda isə texniki və texnoloji ixtisaslar üzrə dövlət hesabına 18 min tələb oxuyur, yəni min nəfərə düşən uyğun göstərici 1,8-ə bərabərdir. Yəni müvafiq göstəricimiz Almaniya ilə müqayisədə 3,7 dəfə aşağıdır.
Bununla belə, Almaniya son dövrlərdə mühəndis çatışmazlığından ciddi narahatdır. Ölkədə mühəndislərin orta yaşı 45-ə çatır və buna görə də Almaniya xaricdən mühəndislərin cəlbi üzrə ciddi işlər görülür.

Göründüyü kimi, Azərbaycanda problem daha dərindir. Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov REAL-a müsahibəsində bildirib ki, Azərbaycanda texniki və texnoloci ixtisaslar üzrə kadrların çatışmazlığı bütün səviyyələrdə hiss edilir.

Əslində, ali təhsil alanların sayına görə Azərbaycan düynanın ən qabaqcıl ölkələri ilə eyni sıradadır. Hər il ölkənin orta məktəblərini 84 min şagird bitirir və bunların 46 mini, yəni 55 faizi ali məktəblərə qəbul olunur. Bu, dünyanın 4-cü Sənaye inqilabına keçiddə ən öndə gedən ölkələri Cənubi Koreya və Yaponiyanın göstəricilərinə uyğundur.

Lakin göründüyü kimi, ali təhsil müəssisələri kadr ehtiyaclarını düzgün qiymətləndirə bilmirlər. Tələb və təklif arasında ciddi fərq var və iqtisadiyyat inkişaf etdikcə bu fərq daha da artacaq.

Yəni təhsil sistemi əmək bazarında dəyişən prioritetləri düzgün qiymətləndirməyi bacarmalıdır. Araşdırmalar göstərir ki, MDB məkanında, o cümlədən Azərbaycanda humanitar sahədə təhsil alan gənc mütəxəssislərin 80 faizi iş tapa bilmir. Bir qayda olaraq, bu ölkələrdə hüquqşünas, psixoloq və iqtisadçı artırqlığı hissə olunur. Mühəndislərin, aqrar texnologiya və tibb mütəxəssilərinin isə çatışmazlığı hiss olunur. Azərbaycanda kadrlarının coğrafi baxımdan da qeyri-bərabər paylanması müşahidə olunur.

Yaranmış vəziyyət Azərbaycanda kadr hazırlığı üzrə proqnozlaşdırma aparmağa vadar edir. Çünki artıq neçə illərdir ki, ölkədə əvvəllər heç təsəvvür edilə bilməyən peşələr üzrə kadrlara ehtiyac yaranıb. Məsələn, bu gün aqrar sahədə gen mühəndisliyi üzrə mütəxəssislərə, şəhər əkinçiliyi üzrə aqronomlara və s. ehtiyac var. Bu, təhsil sektorunun daha çevik proqnozlaşdırma aparmağa məcbur edir.

Yəni yaxın gələcəkdə mütəmadi təhsil qida və səhər idmanı kimi hər bir sağlam və əməkqabiliyyətli insanın gündəlik həyat tərzinə çevriləcək. Yəni oxumuşlar seçilmiş az saylı ziyalı təbəqə olmaqdan çıxaraq, cəmiyyətdə maddi nemətlər istehsalı ilə məşğul olan çoxluğa çevriləcəklər. Bu isə elmlə istehsalın arasında fərqi silməklə yanaşı, şəhərlə kənd arasında da fərqi yox edəcək.

REAL