Azərbaycan qadınlarının VI Qurultayı əməkdaşlıq üçün gözəl platformadır. Düşünürəm ki, bu toplantı əməkdaşlığımıza töhfə verəcək.
QHT.az Trend - istinadən xəbər verir ki, bunu Azərbaycan Qadınlarının VI Qurultayının oktyabrın 19-da keçirilən açılış mərasimində BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreeva deyib.
BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən danışan nümayəndə Azərbaycanda bu istiqamətdə müvafiq işlər görüldüyünü diqqətə çatdırıb.
“Azərbaycanda qadın hüquqlarının qorunması, gender əsaslı zorakılıqla mübarizə, erkən nikahları qarşısının alınması ilə bağlı QHT-lərlə də sıx əməkdaşlıq edirik. Qadınların ictimai həyatda fəal iştirakının təmin olunmasi vacibdir”, - deyə V.Andreeva vurğulayıb.
Azərbaycan qadınlarının qərar qəbul etmə prosesində fəallığının artırılmasının önəmini qeyd edən BMT-nin rezident-əlaqələndiricisi onların öz hüquqlarının qorunmasnda qətiyyətli olduqlarını diqqətə çatdırıb.
Onun sözlərinə görə, gənc qızların təhsili və məşğulluğunun artırılması vacib məsələlərdəndir.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI Qurultayı keçirilir.
Azərbaycanın bütün regionlarından olan 600-ə yaxın qadının bir araya gəldiyi Azərbaycan Qadınlarının VI Qurultayı ölkəmizdə qadın hərəkatının əsasını qoymuş Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi, eyni zamanda ilk Qadın Qurultayının 25 ili münasibətilə baş tutur.
Türkiyə, Özbəkistan və Tacikistan Respublikalarının dövlət rəsmilərinin də qatılacağı Qurultayda millət vəkilləri, dövlət və qeyri-hökumət, eləcə də beynəlxalq təşkilatların və xarici dövlətlərin ölkəmizdəki səfirliklərinin, o cümlədən respublikanın bütün regionlarından nümayəndələr, görkəmli ictimai-siyasi xadimlər iştirak edəcək, qeyd edilən məsələləri müzakirə edərək, təkliflərini diqqətə çatdıracaqlar.












