“Hazırda dünya iqtisadiyyatında çox mürəkkəb proseslər baş verməkdədir. Bu mürəkkəb proseslər ötən əsrin 30-cu illərindən başlayaraq, demək olar ki, formalaşmaqda olmuş və 2-ci dünya müharibəsindən sonra formalaşmış bir iqtisadi qlobal modelin dəyişməsi, onun iflasa uğraması, sona çatması ilə bağlı olan çox ciddi nəticələrə səbəb olacaq”.

Bu sözləri iqtisadçı ekspert Elşad Məmmədov QHT.az-a açıqlamasında bildirib. Ekspert qeyd edib ki, bu gün dünyada formalaşan yeni çağrışalara iqtisad elminin tədrisi geniş yayılmış istiqamətləri, ana xətti demək olar ki cavab verə bilmir: “Ona görə də yeni yanaşmalar, alternativ yanaşmalar, yeni iqtisadi, tətbiq üçün effektiv modellərin artıq real iqtisadiyyatda tətbiqi daha çox gələcək nəsillərin üzərinə düşəcək. Ona görə də biz şagirdlərin aktual çağrışlara uyğun olan iqtisad elminə istiqamətlənməsinə şərait yaratmalıyıq. Bu nöqteyi nəzərdən mənim qabaqcıl, aparıcı təhsil müəssisələrində 11-ci sinif şagirdləri ilə görüşlərim olduqca önəmlidir. Onlar iqtisadçı olmaqla bağlı seçimlərini ediblər. Bunun özü o anlama gəlməlidir ki, həmin insanlar gələcəkdə real tətbiqi effekti olan iqtisadi modelləri Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsində tətbiq etməli olacaqlar. Ona görə də mən bu görüşləri keçirirəm, dəvətləri qəbul edirəm, bu görüşləri məqsədəuyğun hesab edirəm”.

Pərvanə Fərhadqızı