“Prezidentimiz bəzən elə fikirlər səsləndirir ki, elə bilirəm biz jurnalistlərin dövlət qurumlarından və məmurlardan nələr çəkdiyimizi görüb danışır. Bu iradlar əslində yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yox, Baş nazir daxil, bu cür işləyən digər rəsmilərə də ünvanlanıb. Hansı normal işləyir ki?”.
QHT.az xəbər verir ki, bu sözləri teleaparıcı Nigar Sabirqızı bildirib. O, qeyd edib ki, bu ölkədə məsuliyyətini dərk edən 3-5 dövlət qurumunun adını güclə çəkmək olar: “Qalanlarının işi Prezidentin qəbul etdiyi qərarları bunlar verirmiş kimi dərhal çıxıb özlərini tərifləməkdən ibarətdir. Yaxşı xəbər olan kimi mətbuat katiblərinə zəng etdirirlər ki, filankəs müəllim sizin verilişdə çıxış etmək istəyir. Amma jurnalist problemli bir məsələ ilə bağlı müraciət etsin, həmin o filankəs müəllim dərhal yoxa çıxır. Jurnalistin sualını cavablandırmayan məmuru vətəndaşların problemi necə maraqlandırsın? Bizdə məmur olmaq bir çox halda sadəcə yumşaq kresloda oturmaq mənasına gəlir”.
Prezidentin siyasətini bəyənmək iqtidaryönümlü, kimisə tənqid etmək müxalifyönümlü olmaq demək deyil. Mən azad insan kimi düşünüb deyirəm ki, düzgün işləməyən məmurlar var. Jurnalistin işi problemi demək və göstərməkdir. Bütün dünyada bu cür hallar olur. Heç bir ölkədə hər şey ideal deyil. Onları da danışdırsaz, nə qədər şikayətləri olar. Hər şeyə görə Prezidenti günahlandırmaq olmaz. Təyin etdiyi bəzi məmurlar işi bacarmırsa, deməli etimadı doğrulda bilmir. Bəzilərinin cəzalarını aldıqlarını da görmüşük. Təbii ki, özbaşınalıq edənlər hələ də var. Amma hər şeyin də bir zamanı var. Səbrli olaq və gözləyək. Daha kimlərdən nələr yaza bilərik, sadəcə hələ yazmırıq”.
Pərvanə Fərhadqızı












