“Təşkilatımız son 20 ildə uzun bir yol keçib. Həm beynəlxalq istiqamətdə, həm də regionlarda bir çox layihələr həyata keçirimişik. Missiya və məqsədimiz Azərbaycan həqiqətlərini Qərbdə geniş təbliğ etmək olmuşdur. ABŞ və Avropada beyin mərkəzləri ilə sıx əməkdaşlıq edərək bu ölkələrə səfərlər edərək Azərbaycanın reallıqlarını çatdırmağa çalışmışıq. Azərbaycanda da Avropa İttifaqı və Avropa Şurası və digər qurumların dəstəyi ilə bir sıra beynəlxalq tədbirlər keçirimişik. Bu istiqamətdə fəaliyyətimiz davam edir”.

Bu sözləri Azərbaycan- Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov QHT.az- a açıqlamasında bildirib. Onun sözlərinə görə, son iki ildə beyin mərkəzləri ilə regional əməkdaşlıq, sülh quruculuğu, gənclərin məşğulluğu və digər sahələr üzrə yerli və beynəlxalq təşkilatların dəstəyi ilə layihələr icra edilib. Eyni zamanda QHT- lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə İstanbul şəhərində Azərbaycan və Türkiyə QHT-lərinin Forumunu keçirdiklərini də bildirən QHT sədri ötən il təşkilatın beynəlxalq təmsilçiliyinin də çox geniş olduğunu vurğulayıb: “Ardıcıl olaraq təşkilatımız İsveçrə, Almaniya, Rumıniya, Polşa, Gürcüstan və digər ölkələrdə beynəlxalq tədbirlərdə fəal şəkildə təmsil olundu və beynəlxalq vətəndaş cəmiyyətinin inkişafına həsr olunmuş beynəlxalq konfrans və platformalarda iştirak etdik, təqdimatlar keçirdik. Nəhayət ikinci ildəki cəhddən sonra ötən ilin noyabr ayında təşkilatımız Portuqaliyanın Lisabon şəhərində keçirilən Beynəlxalq Gənclər Mediası (European Youth Press) beynəlxalq şəbəkəsinə baş assambleyada müşahidəçi kimi üzv statusda üzv qəbul edildi. Bu bizim üçün nəaliyyət sayıla bilər, çünki Azərbaycandan hələ ki, bu quruma üzv olan yeganə təşkilat bizik. Bu beynəlxalq platformada əsasən Avropa ölkələri və bir sıra Şərq tərəşfdaşlığı ölkələri geniş təmsil olunur. Biz öz təşkilatımızın təqdimatını online vasitəsi ilə geniş auditoriyaya etdik və bizimlə yanaşı Avropa məkanından digər 5 QHT də bu beynəlxalq şəbəkəyə üzv qəbul olundu. Bu platformadan beynəlxalq əməkdaşlığımızı gücləndirmək üçün bir imkan kimi istifadə etməyi düşünürük”. 

 

  

Pərvanə Fərhadqızı