““Qabarlı əllərin möcüzələri” adlı xeyriyyə tədbirimiz - yaradıcı yaşlı insanların rəsm və əl işlərindən ibarət onlayn sərgi-satış yarmarkası, uzun ömür yolu keçmiş, zəhmətlə çalışmış və ətrafdakıların hörmətini qazanmış yaşlı insanları ictimaiyyətə tanıtmaq məqsədilə “Qarşınızda baş əyirik” adlı oçerklər kitabının nəşri, yaşlı qadınların məşğulluğunun təmin edilməsi ilə bağlı həyata keçirilmiş “Bərəkətli əllər”, Vətən müharibəsi şəhidlərinin və qazilərin ailələrinə yardım məqsədilə keçirilmiş “Əsgər ailələrinə dəstək olaq” layihəsi, yaşlı insanların hörmətlə yanaşdığı milli-mənəvi dəyərlərin gənclər arasında təbliği ilə bağlı həyata keçirilmiş “Mənəvi dəyərlər yaşadanlara bahar sovqatı” və “Nənəmə təbrik məktubu” layihələri, yaşlı insanlara təmənnasız psixoloji yardım göstərilməsi və onların ödənişsiz tibbi müayinəsinin təşkili ilə bağlı xeyriyyə tədbirləri cəmiyyət tərəfindən maraqla qarşılanıb”.

Bu sözləri “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri Ruhiyyə Məmmədova QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, İctimai Birliyin İdarə Heyətinin təşkilatçılığı ilə “Könüllülər qrupu” yaradılmış və gənclər təşkilatın sosial layihələrinə cəlb olunmuşlar: “Təşkilatın İnternet səhifəsində sosial, tibbi, hüquqi və mədəni maarifləndirmə proqramları üzrə yaşlı əhali arasında maarifləndirmə işi həyata keçirilir”.  

Qeyd edək ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022 və 2023- cü illərdə keçirdiyi qrant layihələrinin müsabiqəsində qalib olmuş İctimai Birlik Agentliyin maliyyə dəstəyi ilə “Başını uca tut, şəhid anası” və “Yarımçıq qalmış arzular” adlı kitablar nəşr olunmuşdur.

 

Pərvanə Fərhadqızı