Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) fəaliyyətinə münasibət heç vaxt birmənalı olmayıb.
Təşkilatın Azərbaycanla bağlı fəaliyyəti isə həmişə şübhələr doğurub. Bu, istər Azərbaycan torpaqları işğala məruz qaldığı vaxtlarda, istərsə ərazi bütövlüyümüzün tam bərpasından sonra da belə olub.
Məlumdur ki, BQXK 2000-ci illərin əvvəllərində Azərbaycanla nəinki razılaşdırmaq, hətta xəbər belə vermədən Xankəndidə ofis açıb. Bununla bağlı xunta rejimi ilə "saziş" imzalayıb. Xankəndi ofisi qurumun Bakı ofisinə yox, İrəvan və Cenevrə ofislərinə tabe olub.
Azərbaycanın bütün ərazilərində dövlət suverenliyinin tam bərpasından sonra da təşkilatın Xankəndi ofisi Bakı ofisinin tabeçiliyə keçməyib.
Belə olan halda ortaya bir sual çıxır: təşkilatın Xankəndi ofisi niyə bağlanmır?
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov TNS-in mövzu ilə bağlı sualına cavabında deyib ki, BQXK beynəlxalq hüququn subyekti olan bir təşkilat deyil: “Bu qurum unikal bir təşkilatdır. Yəni dövlətlər qurumun nizamnaməsini ratifikasiya edib, ona qoşulmur. BQXK 160 il əvvəl qurulmuş İsveçrə təşkilatıdır. Təşkilat müharibə, münaqişə zonalarında beynəlxalq humanitar missiyanı yerinə yetirir, mandatı çox məhduddur. Komitə yanlız dövlətlərlə ikitərəfli müqavilə əsasında onların verdiyi mandat çərçivəsində fəaliyyət göstərir. Humanitar missiyanı özünün 7 prinsipi əsasında həyata keçirir”.
Hüquq müdafiəçisi bildirib ki, indiyədək erməni əsilli şəxslərin yaşadığı Xankəndidə, ümumiyyətlə, Qarabağ ərazisində fəaliyyət göstərən ofis BQXK-nin İrəvan ofisinə tabe olub: “Həmin ərazilərə getmək, orada fəaliyyət göstərmək üçün de-fakto nəzarət kimdədirsə, onlarla əməkdaşlıq edirdilər. Bu, həmin vaxt üçün başadüşülən idi. Əks halda, erməni tərəf onların işğal etdikləri ərazilərə girişinə icazə verməzdi. Amma Azərbaycan bu ərazilərdə suverenliyini tam bərpa etdikdən sonra BQXK-nin əvvəlki arqumenti əhəmiyyətini itirib. Qurumun Qarabağ ərazisindəki missiyasını Bakı ofisinin əməkdaşları həyata keçirə bilər. Komitənin Azərbaycan nümayəndəliyi dövlətlə razılaşdırılaraq, ölkənin bütün ərazilərində mandatı üzrə fəaliyyət göstərə bilər. Təşkilat Xankəndi ərazisində yaşayan erməni əhali ilə bağlı monitorinq, başçəkmə həyata keçirmək istəyirsə, bunu Bakı ofisinin etməsi üçün heç bir məhdudiyyət yoxdur”.
BQXK nümayəndələrinin əvvəllər Azərbaycanda saxlanılan erməni əsirlərə, diversantlara mütəmadi baş çəkdiyini xatırladan Sahib Məmmədov əlavə edib ki, onlar hazırda dövlətə qarşı cinayətlər və müharibə cinayətlərində təqsirləndirilən şəxslərlə də görüşürlər: “Belə başçəkmələrdən biri bu günlərdə onların saxlanıldığı istintaq təcridxanasında olub. Yəni BQXK-nin Azərbaycan ərazisində öz missiyasını dövlətlə bağladığı müqavilə çərçivəsində həyata keçirməsinə heç bir maneə yoxdur”.
Hüquq müdafiəçisi qeyd edib ki, təşkilatın ölkədəki cəzaçəkmə müəssisələrinə də başçəkmə hüququ var: “Onlar eyni zamanda çətin həyat şəraiti, yardıma ehtiyacı olan şəxslərə də baş çəkə bilərlər. Məsələn, Xankəndidə indi münaqişə yoxdur, amma kimsəsiz erməni əsilli şəxslər qalıb, aralarında qocalar, xəstələr var. Azərbaycan tərəfi onlara bütün yardımları göstərir. Amma BQXK istəsə, Azərbaycan dövləti təşkilatın həmin şəxslərə baş çəkməsinə, ərazidə monitorinq aparmasına mane olmaz. Maraqlana bilərlər ki, Azərbaycan dövləti onların ehtiyaclarını ödəyir ya yox. Onlara səhiyyə xidməti hansı səviyyədə göstərilir? Bunların monitorinqini apara bilərlər. Bunun üçün İrəvan ofisindən gəlməyə ehtiyac yoxdur, Bakı ofisi kifayət edir”.
Hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu isə BQXK-nin Xankəndi ofisinin fəaliyyətinin davam etdirməsinin tərəfdarıdır.
Novella Cəfəroğlu TNS-ə bildirib ki, bu, beynəlxalq təşkilatlar üçün lazımdır: “Mənim şəxsi fikrimdir ki, ofis Xankəndidə qalmalıdır. Dünya görməlidir ki, ermənilər qayıtsa, BQXK vəziyyəti nəzarətdə saxlayacaq.
Bizə Qərbin, beynəlxalq təşkilatların münasibəti məlumdur. Xırda bir dövlət dünyaya göstərdi ki, müharibədə qələbə qazanmaq, işğaldakı torpaqları azad etmək mümkündür. İndiyədək başqa heç bir dövlət münaqişədə qalib olmayıb, torpaqlarını azad edə bilməyib.
Avropa, ABŞ, digər dövlətlər buna görə Azərbaycana qısqanclıqla yanaşır. Hər tərəfdən zərbə alırıq. İstəsək də, istəməsək də, hər addımımız ölçülüb-biçilməlidir. Biz elə bir regionda yaşayırıq ki, bir tərəf İran, bir tərəf Rusiya, bir tərəf Ermənistandır. Bunları nəzərə almalıyıq”.












