QHT.az "Ümidli Gələcək" İctimai Birliyinin sədri Kəmalə Aşumovanın Moderator.az-a müsahibəsini təqdim edir
- Kəmalə xanım, bir müddət öncə dövlət başçısının açılışını etdiyi müasir cəzaçəkmə müəssisəsi yetkinlik yaşına çatmayan məhkumların davranışına, xüsusən də psixoloji durumuna necə təsir edib?

- Son illər ölkəmizdə Yuvenal Ədliyyə sahəsində aparılan işlər və təbliğatlar, həmçinin Ədliyyə Nazirliyinin uşaq müdafiə sisteminə göstərdiyi maraq nəticəsində qanun pozuntusu törətmiş yetkinlik yaşına çatmayanların işlərinə baxış və onların cəzaçəkmə müəssisəsində olduğu dövrdə yaşam şəraitlərinin yaxşılaşdırılması istiqamətində aparılan fəaliyyətlərə xüsusi diqqət ayrılır.

Bunun nəticəsidir ki, Ədliyyə Nazirliyi və UNİCEF arasında 2020-2021-ci illər üzrə imzalanmış Fəaliyyət Planına əsasən yetkinlik yaşına çatmayanların ədalət mühakiməsi, xüsusi müdafiə tədbirlərinin tətbiq edilməsi, həmçinin uşaqların müdafiəsinə yönəlmiş ayrı-ayrı sosial xidmətlərini nəzərə alaraq cinayət törətmiş, riskli davranışa meylli olan, cəzaçəkmə müəssisəsi, habelə istintaq təcridxanalarında saxlanılan yeniyetmələrin Yuvenal Ədliyyə proqramına cəlb edilməsi vacibdir. Əsas məqsəd yetkinlik yaşına çatmayanların sosial-psixoloji reabilitasiyası ilə yanaşı gələcəkdə cəmiyyətə reinteqrasiyalarını asanlaşdrımaqla həyatlarında müsbət dönüş yaratmaqdır.

Yuvenal Ədliyyə mərkəzinin əsas məqsədi həm cəzaçəkmə müəssisəsində yaşayan, həm də azadlığın məhdudlaşdırılması cəza növünə məhkum edilmiş 14-18 yaşlı gənclərlə sosial-psixoloji reabilitasiya işləri aparılmasıdır. Xüsusilə Yuvenal Ədliyyə mərkəzinin komandası tərəfindən cəzaçəkmə müəssisəsində yaşayan uşaqların vaxtlarının daha səmərəli keçirilməsi, azadlığa çıxdıqdan sonra düzgün həyat fəaliyyəti ilə təmin olunmalarına dəstək göstərilməsi məqsədilə həm peşə yönümlü məşğuliyyətlər, həm də bilik,bacarıq və vərdişlərinin inkişafına yönəlmiş təlim-tərbiyə proqramları, sosial-psixoloji reabilitasiya işləri həyata keçirilir.

- Təkcə müasir tələblərə cavab verən müəssisələrin açılması təbii ki yetərli deyil, uşaqlarla ünsiyyətdə olan əməkdaşların da müasir dövrün tələblərinə cavab verməsi şərtdir.

- Təbii ki, söhbət Yuvenal Ədliyyə sisteminin inkişafından, ölkədə uşaq müdafiə sisteminin gücləndirilməsindən gedirsə, yalnız uşaqları ön planda tutaraq həyata keçirilən fəaliyyətlər kifayət etmir. Eyni zamanda Ədliyyə Nazirliyinin əməkdaşlığı ilə məhkum uşaqlarla birbaşa ünsiyyətdə olan kadrların peşə bacarıqlarının inkişafına da xüsusi diqqət ayrılır.
Qeyd etmək lazımdır ki, uşaqların cəzaçəkmə müəssisəsində məskunlaşması onlarla kobud ünsiyyətə, aqressiv davranışa əsaslanan rəftara haqq qazandırmır. Bu baxımdan əməkdaşlar xüsusi təlim proqramlarına cəlb edilərək peşə bacarıqlarının inkişafına xüsusi diqqət yetirilir. Yeniyetmələrin yaş və psixoloji xüsusiyyətlərini nəzərə alaraq qurulan ünsiyyət onların həm sosial-psixoloji reabilitasiyasına, həm də cəzaçəkmə müəssisəsini tərk etdikdən sonrakı dövrdə sosial reinteqrasiyasına birbaşa təsir göstərən məqamlardandır. Bu baxımdan aparılan işlərdə, keçirilən tədbirlərdə Ədliyyə Nazirliyinin xüsusilə həssaslığı və göstərdiyi qayğı da diqqətəlayiqdir.
- Yetkinlik yaşına çatmayanların saxlanma şəraitinin digər kateqoriya məhkuymların saxlanma şəraitindən fərqləndirən cəhət varmı?

- Bu yaxınlarda sosial şəbəkələrdə yetkinlik yaşina çatmayanlarin cəzaçəkmə müəssisəsindən qaçma planları haqqında məlumat paylaşılmışdı. Bu məlumat doğruluğu əks etdirməməklə yanaşı Ədliyyə orqanları tərəfindən həyata keçirilən kompleks yanaşmanın, görülən uğurlu işlərə kölgə salınması cəhdidir. Qeyd edim ki, YYÇ üçün cəzaçəkmə müəssisəsində görülən təhlükəsizlik tədbirləri maksimal dərəcədədir və orada məskunlaşan uşaqların qaçma cəhdləri haqqında düşüncələrinin belə olması yolverilməzdir.
Təbii haldır ki, heç bir uşaq həyatının bir neçə ilini cəzaçəkmə müəssisəsində keçirmək istəməz və əminliklə deyə bilərik ki, hazırda o uşaqlardam heç biri müəssisədə qapalı şəraitdə yaşamaq istəməzdi. Amma Ədliyyə Nazirliyi tərəfindən və həmçinin nazirliyin dəstəyi və UNİCEF ilə əməkdaşlıqda YƏ mərkəzi tərəfindən həyata keçirilən birgə fəaliyyətlər nəticəsində müəssisə daha da yaşanıla bilər vəziyyətə gətirilir və ilk olaraq uşaqların gələcək həyatları və maraqları ön planda tutulur.













