"Ekoleks” Ekoloji Hüquq Mərkəzi İctimai Birliyi “Tullantıların idarə olunmasının yeni modeli - Qapalı dövri iqtisadiyyata keçid üzrə ictimai vəkillik” layihənin icrasıni icra edir.
Mərkəzin direktoru Sevil İsayeva QHT.az-a bildirib ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir: “Layihənin məqsədi Azərbaycan Respublikasının sirkulyar iqtisadiyyat modelinə keçidə nail olunması üzrə dövlət, biznes və vətəndaş cəmiyyəti arasında dialoqa nail olunmasıdır. Ötən onilliklərdə tükənən təbii ehtiyatlara qənaət yolunda olan dünya dövlətləri sonda dəyərin yaranmasını yeni modeli olan dövri və ya sirkulyar iqtisadiyyat konsepsiyasına gəlib çıxıblar. Bu konsepsiya dünya dövlətlərində ekoloji problemlərin həlli üçün əsas meyar olaraq formalaşıbdır. Sirkulyar iqtisadiyyat dəyərin yaradılmasını yeni üsuludur. İqtisadiyyatın düzxətli modelindən fərqli olaraq sirkulyar iqtisadiyyatda təbii sərvətlərdən və məhsullardan uzunmüddətli, təkrar istifadə və ya təkrar emal yolu ilə istifadə edilir”.
QHT sədri həmçinin qeyd edib ki, sirkulyar iqtisadiyyat modeli dövlətlərə imkan verir ki, ətraf mühitə həlledici təsir faktorları olan çirklənmə, resursların tükənməsi, biomüxtəlifliyin itirilməsi ilə mübarizə etsin, dayanıqlı istehsal və istehlak modelləri yaratmaq (DİM 12), iqlim dəyişkliyi ilə mübarizə aparmaq (DİM 13) sahəsində BMT-nin dayanıqlı inkişaf göstəricilərinin inkişafına kömək etsin: “Bu sahədə innovasiyanı, yeni işgüzar fəalllığı həvəsləndirsin. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 №li Sərəncamı və “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli 3378 №li Sərəncamı ilə ölkədə dayanıqlı rəqabət qabiliyyətli iqtisadiyyat modelinin inkişaf etdirilməsi nəzərdə tutulub. İqlim dəyişikliyi ilə mübarizə, təbii resursların səmərəli istifadəsi və biomüxtəlifliyin qorunmasının dayanıqlı iqtisadiyyatın əsas prinsiplərindən biri olduğu qeyd edilib. Habelə Strategiyada tullantıların səmərəli idarə edilməsi sistemi inkişaf etdirilməsi, tullantıların təkrar emalı prosesinin əhatə dairəsinin 20% (regionlarda 10%) təşkil edəcəyi nəzərdə tutulub”.
Layihə tullantıların idarə olunması, ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi ilə mübarizə və biomüxtəlifliyin müdafiəsi, resurslardan səmərəli istifadə ilə əlaqədar mühüm instrument olan sirkulyar iqtisadiyyatın Azərbaycanda yaradılması və tətbiqi imkanlarının araşdıracağını qeyd edən Sevil İsayeva bu zaman ən yaxşı beynəlxalq təcrübənin nəzərə alınacağını da vurğulayıb.
Qeyd edək ki, layihə “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununun mövcud vəziyyətin, siyasi istiqamətlərə və qanunvericiliyə uyğunluğunun qiymətləndirilməsini, sirkulyar iqtisadiyyatla bağlı beynəlxalq siyasət və qanunvericili təcrübəsinin öyrənilməsini və sirkulyar iqtisadiyyat haqqında siyasət və qanunvericilik konsepsiyasının hazırlanmasını həyata keçirəcəkdir.
Pərvanə Fərhadqızı












