Avqustun 31-də Kimsəsiz və Aztəminatlı Ailələrin  Uşaqlarına Sosial – Mənəvi Dəstək İctimai Birliyi Salyan şəhərində Yeni Azərbaycan Partiyasının 20 nəfər gənc və yeniyetmələrin‚ ziyalıların‚ ağsaqqalların‚ səhiyə və polis əməkdaşlarının iştirakı ilə “Ağ ölümdən qurtulaq” –regionlarda yeniyetmə-gənclər üçün antinarkomaniya üzrə maarifləndirmə mövzusunda görüş keçirilib.

Birlikdən QHT.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirilən görüşdə layihə rəhbəri Təranə Əhməd bildirib ki, layihənin  məqsədi Salyan şəhərində narkomaniyaya qarşı mübarizə profilaktikasını təşkil etmək, risk qrupuna daxil olan yeniyetmə və gənclərin bu təsirlərdən qorumaqdır.     

Layihənin eksperti Şahin Rəcəb tədbir iştirakçılarına layihənin məqsəd və vəzifələrindən danışıb: “Müasir dövrün qlobal problemləri sırasında əsas yer tutan bəlalardan biri narkomaniyadır. Narkomaniya hələ ötən əsrlərdə yayılan, coğrafi sərhədləri getdikcə genişlənən təhlükəli bir xəstəlik və cinayətdir”.

Salyan Polis Şöbəsinin əməkdaşı çıxış edərək məlumat verib ki‚ bu gün narkomaniya təkcə bəşəriyyətin sağlamlığına, mənəvi dünyasına deyil, qlobal dünya iqtisadiyyatınə da narkoticarət yolu ilə ağır və sağalmaz yaralar vurmaqdadır: “Belə ki, narkotik maddələrin qanunsuz dövriyəsi cinayətkarlığın artmasına səbəb olmaqla yanaşı, həm də terrorizmin maliyə mənbəyi kimi‚ beynəlxalq təhlükəsizliyə də ən ciddi təhdidlərdən biri kimi çıxış edir”.

Rayon xəstəxanasının həkim terapevti çıxış edərək  bildirib ki‚ insan amili dövlət siyasətinin əsasını təşkil edir: “Dövlət başçısı İlham Əliyev çıxışlarında daim bildirir ki, həyata keçirilən siyasətin önündə vətəndaş amili dayanır. Əhalinin sağlamlığının yüksək səviyyədə qorunması da prioritet məsələlərdəndir. Azərbaycanın gələcəyi kimi dəyərlənləndirilən gənclərimizə diqqət və qayğı isə daha mühüm vəzifə kimi qeyd edilir”.

Şəhər Ziyalılar Birliyini sədri Allahverdi Piriyev‚ Ana Kür İctimai Birliyinin sədri Rüstəm Məlikov, Gənclər idarəsinin mütəxəssisisləri qeyd ediblər ki‚ problemin faciəvi tərəfi gənclər və yeniyetmələr arasında narkomaniyaya aludəçilik hallarının yüksələn xətlə artmasıdır. Hər bir xalqın gənclərinin fiziki və mənəvi sağlamlığı dövlət üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycanda da dövlət tərəfindən gənclərə yetərincə qayğı göstərilir, gənc nəslin inkişafı, onların sağlam həyat tərzinin təşkili ölkə rəhbərliyinin daimi diqqət mərkəzindədir. Narkotiklərə qoşulmağa başlamış yeniyetmə, öz əqli və idrak bacarıqlarını, maraqlarını itirməklə mənəvi tənəzzül edir. Çünki həmin yeniyetmələrdə müsbət maraqların və meyillərin əvəzinə yaranmış maraqlar bütün mənfi ifadələri ilə onların psixi proseslərini deqradasiyaya uğradır. Hesab edirəm ki, narkomaniyanın profilaktikası ailə və məktəbdən başlanmalıdır. Valideynlərin uşaqlarının narkomaniyadan qorunmasında bu profilaktikanın rolunu başa düşmələri olduqca mühümdür.

Uşaqlarla iş üzrə Polis əməkdaşları, Gənclər idarəsindən Təhsil Şöbəsinin əməkdaşları və KİV, İcra hakimiyyəti nümayəndələri iştirak ediblər. İctimai Birlik  layihə ilə bağlı  məlumatları aidiyyatı orqanlardan toplayaraq, yerlərdə  ailələrlə görüşərək uşaqların psixoloji durumları ilə maraqlanıb‚ narkotik istifadəçilərinin və yoluxanların müayinə və müalicəyə cəlb olunması üçün profilaktik işlər aparıb.

Qeyd edək ki, görüşdə narkotik istifadəçisi olan ailələrdə böyüyən, atılan və ya nəzarətsiz qalmış uşaqların reabilitasiyası ilə əlaqədər müzakirələr edildi‚ maarifləndirici təbliğat vasitəsi – buklet paylanılıb. Layihənin ünvanlandığı əhali qrupu maarifləndirmə görüşü və “Ağ ölümdən qurtulaq” adlı bukletlərdən‚ eləcə də etik davranış qaydaları ilə bağlı əhatə olunmuş yaddaş-vərəqlərdən  faydalandılar.

 

 

Pərvanə Fərhadqızı