Noyabrın 7-də “Bullinqə birlikdə “Son” deyək!” layihəsinin fəaliyyətləri çərçivəsində qızlar qrupu üçün üçüncü təlim keçirilib. Neftçala rayonu Xıllı qəsəbə 1 saylı tam orta məktəbində keçirilən təlimdə Astanlı və Xıllı qəsəbə 2 saylı tam orta məktəblərin də yuxarı sinif şagirdləri iştirak ediblər.

QHT.az xəbər verir ki, 20 nəfərin iştirakı nəzərdə tutulan təlimdə müraciət əsasında Qədimkənd kənd tam orta məktəbinin 4 nəfər yuxarı sinif şagirdi və Tatarməhlə kəndindən 1 nəfər yeniyetmə qız iştirak edib. Ümumi 25 nəfərin iştirak etdiyi təlimdə mentor Azərbaycan Uşaqlar Birliyi, Uşaq sığınacağı-Reinteqrasiya Mərkəzinin direktoru Kəmalə Ağazadə, təlimçi Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin sədri Gülqədəm Mirzəzadə, psixoloq Təranə Mehtiyeva, sosioloq Mətanət Quliyeva tərəfindən mövzu ətrafında müvafiq məlumatlar verilib.

Təlim zamanı müzakirələr və grup işləri, eyni zamanda nümayiş etdirilən videoçarxlar mövzunu daha yaddaqalan edib. Xıllı qəsəbə 1 saylı tam orta məktəbin müəllimi Günay Nağıyevanın müəllifi olduğu “Bullinqə birlikdə “Son” deyək!” layihəsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi  əsasında Neftçala rayonunda icra olunur.

 

 

Pərvanə Fərhadqızı