"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son çıxışı Qərbi Azərbaycana qayıdış məsələsinə dövlət səviyyəsində strateji və çoxşaxəli yanaşmanın davam etdiyini bir daha göstərdi. Prezidentin çıxışı sübut etdi ki, Qərbi Azərbaycan məsələsi təkcə tarixi yaddaşın deyil, həm də dövlətin uzunmüddətli milli prioritetlərinin ayrılmaz hissəsidir".

QHT.az xəbər verir ki, bu sözləri "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyininin sədri Cəsarət Hüseynzadə bildirib. Onun sözlərinə görə, Vaşinqton görüşündən sonra bəzi xarici dairələrdə Azərbaycanın sülh prosesində guya geri çəkilmə edəcəyi ilə bağlı səslənən fikirlərə ölkə başçısı aydın və prinsipial cavab verdi:

"Bu çıxış, Azərbaycanın heç bir təzyiq qarşısında öz milli maraqlarından imtina etməyəcəyini, əksinə, qəti və ardıcıl mövqeyini qoruyacağını nümayiş etdirdi. Prezidentin “Biz tarixi torpaqlarımıza tanklarla yox, avtomobillərlə qayıtmalıyıq” ifadəsi, Azərbaycanın humanist, beynəlxalq hüquqa əsaslanan və sülh yönümlü siyasətinin mahiyyətini dərin şəkildə əks etdirir. Bu yanaşma həm regionda dayanıqlı sülhün, həm də tarixi ədalətin bərpasının ən real və hüquqi yoldan həyata keçirilməsinin mesajıdır. Dövlət başçısının çıxışında vətəndaş cəmiyyətinə, ictimai təşkilatlara və ümumilikdə ictimaiyyətin bu prosesdə roluna xüsusi diqqət yetirilməsi də mühüm məqamdır. Bu, Prezidentin vətəndaş cəmiyyətinə olan inamının və onların milli məqsədlərin reallaşmasında mühüm tərəfdaş kimi qəbul edilməsinin göstəricisidir".

Qeyd edək ki, 2025-ci il noyabrın 6-da QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində “Qərbi Azərbaycana qayıdış” mövzusunda ictimai müzakirə təşkil edilib.