Sosial-Strategji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli QHT.az-a açıqlamasında qeyd edib ki, Azərbaycanın gələcəyi olan gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi və maarifləndirilməsi istiqamətində vətəndaş cəmiyyəti daha geniş fəaliyyət göstərməlidir.
Onun sözlərinə görə, bu istiqamətdə qazi və şəhid ailələrinin sosial problemlərinin həlli və sosial imkanlarının yaxşılaşdırılması məsələsi xüsusi önəm daşıyır:
“Azərbaycan qeyri-hökumət təşkilatları bu sahədə səfərbər olmalı, həyata keçirdikləri layihələrdə və əməkdaşlıq proqramlarında bu mövzuları hər zaman ön planda saxlamalıdırlar. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən həyata keçirilən təşəbbüsləri yüksək qiymətləndirirəm, xüsusilə “Konstitusiya ili” və “Suverenlik” mövzularında hazırlanan videoçarxlar, vətəndaş cəmiyyəti liderləri ilə çəkilən qısa müsahibələr ictimai maarifləndirmə baxımından mühüm rol oynayır. Bu layihələr yalnız informasiya xarakteri daşımır, həm də milli kimliyimizin, hüquqi düşüncəmizin və vətəndaş məsuliyyətinin güclənməsinə xidmət edir. Mən hesab edirəm ki, bu proses davamlı olmalı və QHT-lər də bu işə öz töhfələrini verməlidirlər.”
QHT sədri əlavə edib ki, dövlət və vətəndaş cəmiyyəti institutlarının əməkdaşlığı nəticəsində həyata keçirilən bu cür təşəbbüslər Azərbaycanda milli həmrəyliyin, vətənpərvərlik ruhunun və sosial ədalətin möhkəmlənməsinə xidmət edir.
Pərvanə Fərhadqızı












