Həkimlər saqqız udmağın insan sağlamlığına necə təsir etməsindən danışıblar. Hər birimiz, ehtimal ki, həyatımızda ən azı bir dəfə təsadüfən və ya bilərəkdən saqqız udmuşuq. Bir çoxları saqqızın bədəndə nə qədər qalacağını və sağlamlığa zərər verib-verməyəcəyini maraqlanır.
QHT.az xəbər verir ki, Böyük Britaniyanın Oksford Universitetinin klinik qastroenterologiya professoru Saymon Trevis bildirib ki, saqqızı udsanız, mədədən bağırsaqlara keçərək dəyişməz olaraq çölə çıxacaq: “Elə hallar var ki, çox udduqları halda körpələrin, hətta uşaqların bağırsaqlarında saqqız ləngiyir, sonra isə tıxanıqlıq yaranır. Amma 30 ildən çoxdur ki, mən heç vaxt belə bir hal görməmişəm”.
Qeyd edək ki, ilk əvvəl saqqızları tropik bitki olan sapodillanın gövdəsindən alınan ağ lateksdən hazırlayırdılar. Onun dartılan tərkibə malik olması üçün parafin mumundan istifadə edilirdi. II Dünya müharibəsindən sonra alimlər saqqızın tərkibini sintetik maddə ilə əvəzləyiblər. Beləliklə də saqqız çeynənərkən qopmayan sintetik kauçukdan istehsal olunmağa başlayıb. Saqqızlar udulduqda bədəndən çıxması hər kəsin həzm sisteminin vəziyyətindən aslıdır. Əgər saqqız udsanız heç bir təhlükəsi yoxdur.
Pərvanə Fərhadqızı












