Dekabrın 15-də “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları” mövzusunda dəyirmi masa keçirilib.
Əlil Təşkilatları İttifaqı tərəfindən icra edilən “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsinin fəaliyyət planına uyğun olaraq keçirilən tədbirdə müxtəlif dövlət qurumlarının, İnsan Hüquqları üzrə Müvəkkilinin (OMBUDSMAN), QHT-lərin nümayəndələri iştirak ediblər.
Əlil Təşkilatları İttifaqından QHT.az-a verilən məlumata görə, gündəliyə əsasən Əlil Təşkilatları İttifaqının prezidenti, layihə rəhbəri Davud RƏHİMLİ qısa xülasə ilə çıxış edərək tədbirin məqsədi haqqında qısa məlumat verib. Sonra dövlət orqanlarının nümayəndələrinin çıxışları dinlənilib, əlilliyi olan şəxslərin təşkilatlarının nümayəndələrinin onlara ünvanlanan suallarını cavablandırılıb və müzakirələr olub.
Tədbir zamanı alternativ hesabatlarda problemlərin qərəzsiz, düzgün qeyd olunması, hesabatların hazırlanmasında təcrübə və əhatə dairəsinin genişləndirilməsi məsələləri xüsusilə qeyd olunub. Vurğulanıb ki, bu formatda tədbirlərin keçirilməsi məqsədəuyğundur.
Qeyd edək ki, bu layihə çərçivəsində əlilliyi olan şəxslərin təşkilatları tərəfindən BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları Haqqında Konvensiyasının 5 maddəsinə görə 5 tematik alternativ hesabat hazırlanması başa çatdırılıb. Əlil Təşkilatları İttifaqı tərəfindən isə ümumi Konvensiya üzrə bir alternativ hesabatın hazırlanması davam edir.
Qeyd edək ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən icra olunan “Azərbaycanda Həssas Qrupların Hüquqlarının Müdafiəsi” layihəsi çərçivəsində “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsi Əlil Təşkilatları İttifaqı tərəfindən icra edilir.
Pərvanə Fərhadqızı












