Azərbaycan Respublikasının Mərkəzi Bankı və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən İmişli Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə dekabrın 19-da İmişli şəhərində “Maliyyə savadlılığının artırılması” mövzusunda təlim və səyyar vətəndaş qəbulu keçiriləcək.

QHT.az xəbər verir ki, təlimin məqsədi ənənəvi təlim üsullarını müasir formatda təklif edən Mərkəzi Bankın Virtual Təhsil Platforması vasitəsilə iqtisadiyyat, maliyyə-bank, sığorta, vergilər, statistika və s. sahələr üzrə öz bilik və bacarığını inkişaf etdirmək istəyən şəxslərə dəstək olaraq ödənişsiz kursların təşkil edilməsidir. Əhalinin müxtəlif hədəf qruplarını əhatə edən bu platformada uşaqlar üçün də müvafiq kurslar təşkil olunur. Kurslar üç dildə - Azərbaycan, rus və ingilis dillərində təklif edilir.

Səyyar qəbul zamanı isə vətəndaşların maliyyə xidmətləri ilə bağlı müraciətləri dinlənilərək, hər birinin qeydiyyatı aparılacaq, həmçinin sakinlərə məsləhət xidməti göstəriləcəkdir.

Təlim və səyyar vətəndaş qəbulu ilə maraqlanan rayon sakinləri 19 dekabr, saat 11:00-da İmişli Rayon Heydər Əliyev Mərkəzinə gələrək iştirak üçün müraciət edə bilər.

 

R. İmanov