İnnovativ İqtisadi Araşdırmalar İnstitutunun direktoru, professor Elşad Məmmədov QHT.az-a açıqlamasında iyulun 18-də Maliyyə Nazirliyi tərəfindən 500 milyon manat vəsaitin banklarda yerləşdirilməsi ilə bağlı son məlumatı şərh edib.

Professorun fikrincə, dövlət vəsaitlərinin bank sektoruna yönəldilməsi ölkə iqtisadiyyatında investisiya fəallığının artmasına təkan verməlidir:

“Bu addım ilk növbədə işgüzar fəallığın stimullaşdırılmasına, eləcə də iqtisadiyyatda investisiyaların həcminin artırılmasına səbəb olmalıdır. Son nəticədə bu vəsaitlər hesabına ölkə iqtisadiyyatında investisiyaların payının artmasını müşahidə etməliyik. Bu, hazırda makroiqtisadi səviyyədə ən mühüm çağırışlardan biridir və düşünürəm ki, Maliyyə Nazirliyinin həmin vəsaitləri banklarda yerləşdirməklə maksimum şəkildə investisiyaların inkişafına dəstək verməsinə çalışması iqtisadiyyatda müsbət nəticələrə səbəb ola bilər".

Elşad Məmmədov həmçinin qeyd edib ki, tədricən dövlət vəsaitlərinin daha çox həcmdə birbaşa investisiyalara yönəldilməsi, işgüzar mühitin inkişafına və sahibkarlığın dəstəklənməsinə ciddi təsir göstərə bilər:

"Yalnız dövlət investisiyaları ilə kifayətlənmək olmaz. Ölkədə daxili özəl investisiya institutlarının da inkişafına böyük ehtiyac var. Bazara əsaslanan iqtisadi sistemdə dövlət investisiyaları ilə yanaşı, özəl kapitalın iqtisadi proseslərdə aktiv iştirakı vacibdir. Bu baxımdan daxili özəl investisiya institutunun təkmilləşdirilməsi və təşviqi istiqamətində də müvafiq tədbirlər görülməlidir.”

Elşad Məmmədovun sözlərinə görə, bu yanaşma yalnız iqtisadi sabitlik üçün deyil, həm də dayanıqlı iqtisadi artımın təmin olunması üçün vacib mexanizmdir.

 

Pərvanə Fərhadqızı

QHT.az