Dost TV-nin "Ekspert rəyi" verilişində çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında ictimai şuranın rəhbəri Elşad Məmmədov, ictimai şuraların və nəzarət mexanizmlərinin effektivliyindən danışdı. Məmmədov vurğuladı ki, bu effektivlik əsasən şuranın yanında fəaliyyət göstərdiyi qurumun ictimai iştirakçılığa və əməkdaşlığa hazırlıq səviyyəsindən asılıdır.

QHT.az xəbər verir ki, Elşad Məmmədovun bildirdiyinə görə, son illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İctimai Şura arasında konstruktiv münasibətlər formalaşıb və kommunikasiyanın effektiv olması təmin edilib. O, Şura üzvlərinin peşəkarlığı və obyektivliyinin bu prosesdə mühüm rol oynadığını qeyd etdi. Məmmədov, nazirlik tərəfindən ekspert rəylərinin müzakirəyə çıxarılaraq konstruktiv şəkildə qəbul edildiyini əlavə etdi.

Məmmədov, İctimai Şura və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında qurulan şəffaf və effektiv kommunikasiya platformasının ictimaiyyətin çağırışlarına sürətli reaksiya verməsini təmin etdiyini vurğuladı. O, bildirdi ki, Şura ilə nazirlik arasında əlaqə qurulduqdan sonra ən uzağı üç gün müddətində qaldırılan məsələyə cavab alınır. Məmmədovun sözlərinə görə, bu platformanın əsas məqsədi kommunikasiya və məlumatlandırma prosesinin şəffaf və operativ şəkildə aparılmasıdır.

Elşad Məmmədov həmçinin əlavə etdi ki, nazirlik daxilində optimal kommunikasiya mexanizmləri qurulub və ictimaiyyətdən gələn impulslar düzgün və vaxtında cavablandırılır. O, ictimaiyyətin dəqiq və obyektiv məlumatlandırılmasının əhəmiyyətini vurğulayaraq, ictimai təmsilçiliyin bu prosesdəki rolunun böyük olduğunu bildirdi.

Məmmədov sonda qeyd etdi ki, İctimai Şuranın əsas missiyası effektiv və şəffaf kommunikasiya platforması yaratmaqdır. Bu platforma vasitəsilə ictimaiyyət nümayəndələri bilməlidirlər ki, onların təmsilçiləri nazirliklə daimi əlaqədədir və qaldırılan məsələlərə reaksiyalar verilir. Bu platforma həm də cəmiyyətin səsinin eşidilməsi baxımından çox önəmlidir.

 

Pərvanə Fərhadqızı