Azərbaycanda ən bahalı kreditlər Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayonlarında təklif edilir. Mərkəzi Bankın məlumatına görə, bu iqtisadi rayonumuzda kreditlər üzrə orta faiz 19.6-dır. Qarabağ iqtisadi rayonunda da kredit faizləri yüksəkdir. Ağcabədi, Ağdam, Bərdə, Füzuli və Tərtər rayonlarında banklar krediti orta hesabla 19.37 faizlə verirlər. Mil-Muğan və cənub bölgələrimizdə də orta kredit faizi 19 üzərindədir.
QHT.az xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, Mərkəz Bank ən ucuz kreditlərin Bakıda təklif olunduğu bəyan edib: “Paytaxtda orta kredit faizi digər bölgələrimizdən kəskin fərqlənir: 10.98 faiz. Rayonlarımızda kredit faizlərinin yüksək olmasının əsas səbəblərindən biri bölgələrin biznes kreditlərinə əlçatanlığın aşağı olmasıdır. Belə ki, risklərini sığortalamaq istəyən banklar nisbətən aşağı faizli biznes kreditlərini Bakıda təklif etməyə üstünlük verirlər. Bu isə bir tərəfdən, bankların regionlarda real sektoru daha az dəstəkləməsinə, digər tərəfdən isə rayon sakinlərinin bahalı kreditlərdən istifadə etməsinə səbəb olur. Rayonlarda bank filallarının sayının az olması və bu səbəbdən Bakı ilə müqayisədə zəif rəqabət də kredit faizlərinə təsir göstərir.
Mərkəzi Bankın məlumatına görə, ölkə üzrə kreditlər orta hesabla 12.53 faizlə təklif olunurlar. Bununla belə, orta kredit faizləri ilə vətəndaşların daha çox istifadə etdiyi istehlak kredit faizləri arasında fərq mövcuddur”.
Pərvanə Fərhadqızı












