Onlayn İctimai Nəzarət Platformasının (ENEZARET) 2 illik fəaliyyətinin yekunlarına dair tədbir keçirilib.
QHT.az xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən MG Consulting şirkətinin rəhbəri Lalə Adilova bildirib ki, iki ildir ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti layihəsi çərçivəsində “MG Consulting” MMC tərəfindən Onlayn İctimai Nəzarət Platforması layihəsi icra edilməkdədir: “Layihənin məqsədi ictimaiyyəti narahat edən bir sıra məsələlərə dair vətəndaşlardan video və foto sübutu olan məlumatları qəbul etmək və müvafiq qurumlar tərəfindən onların həllinə nail olmaqdır. Biz “İctimai iştirakçılıq haqqında” və “Vətəndaşların müraciətləri haqqında” Qanunlara əsaslanaraq, dövlət orqanları ilə qarşılıqlı əməkdaşlıq şəraitində vətəndaşlar tərəfindən göstərilən problemlərin aradan qaldırılmasına vasitəçilik edirik. Platforma ictimaiyyətə məsələləri həll edən orqanları qiymətləndirmək imkanını da təmin etmişdir”.
Lalə Adilova həmçinin qeyd edib ki, ENEZARET Platforması vətəndaşlarla dövlət orqanları arasında inam və etibarın gücləndirilməsi, dövlət orqanlarının effektiv fəaliyyət göstərmələrinin təmin edilməsi və onların fəaliyyəti üzərində ictimai nəzarətin həyata keçirilməsi zərurətindən əmələ gəlib: “Bu dövlət siyasətimizin mühüm tərkib hissələrindən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözləri ilə desək, "İctimaiyyəti bizim ümumi işimizə cəlb etməliyik. Həm ictimaiyyət nümayəndələri öz səylərini göstərsinlər, həm də dövlət orqanlarının işinə nəzarət etsinlər".
Qeyd edək ki, ötən iki il ərzində layihənin icrasında bir sıra mühüm uğurlar əldə edilib. Əməkdaşlıq edilən dövlət orqanlarının sayı artıb, 85-ə çatıb. Həmin dövlət orqanlarının sırasında bir sıra nazirliklər və agentliklər, yerli icra hakimiyyəti orqanları mövcuddur. 1 illik fəaliyyətinin yekununda 2000 sayda müraciət daxil olmuşdursa, bu rəqəm hazırda 7000 üzərində olub. Müraciətlərdən 70%-dən çoxu öz müsbət həllini tapıb.
Pərvanə Fərhadqızı












