Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da fəaliyyət göstərən türk qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrini qəbul edib.
 
Birləşmiş Millətlər Təşkilatının (BMT) 77-ci Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka gedən Ərdoğan Türk Evində QHT nümayəndələri ilə görüşüb.
 
Daha sonra Türkiyə prezidenti Liviya Prezident Şurasının sədri Məhəmməd Menfini qəbul edib. Görüş mətbuata qapalı keçirilib.
 
Ərdoğan daha sonra “Rockefeller Plaza”da təşkil edilən Türkiyə-Amerika Milli Rəhbər Komitəsinin (TASC) şam yeməyinin qonağı olub. Buradakı çıxışında Ərdoğan deyib: “Bizim harmoniya və inteqrasiya anlayışımız ondan ibarətdir ki, vətəndaşlarımız öz mədəniyyətlərini və dəyərlərini qoruyaraq yaşadıqları cəmiyyətlərin həyatında fəal iştirak etsinlər, olduqları ölkəyə uyğunlaşsınlar”.
 
Terror fəaliyyətinə də toxunan Türkiyə prezidenti bunları söyləyib: "PKK/YPG, DEAŞ və FETÖ-yə qədər bütün terror təşkilatları ilə mübarizəni qətiyyətlə davam etdiririk. Terrorun qara kölgəsini bölgəmizdən mütləq çıxaracağıq.
 
Amerikalı dostlarımızın PKK-YPG və FETÖ ilə mübarizəmizdə müttəfiqlik ruhuna uyğun əməkdaşlıq etmələrini gözləyirik. FETÖ başçısı və təşkilatının üzvlərini Türkiyəyə gətirmək üçün Amerika səlahiyyətliləri qarşısında səylərimizi diqqətlə həyata keçiririk."