Dünyanı dəyişən Covid-19 virusunun müxtəlif variantları hələ də aramızda olsa da, elm adamları da gələcək pandemiyalara hazırlaşır. Mütəxəssislər, 'İspan qripi' olaraq da bilinən 1918-ci ilin qripində həyatını itirənlərin sümüklərinin gələcək illərdə epidemiyalardan kimin daha çox təsirlənəcəyinə dair ipucu verə biləcəyini düşünürlər. Gələcək pandemiyada hədəf qrupda kimlərin olacağını araşdıran alimlərin maraqlı araşdırmasını təqdim edirik.
QHT.az xəbər verir ki, 1918-1920-ci illər arasında 18 aylıq dövrdə dünya səviyyəsində ən az 50 milyon insanın ölümünə səbəb olan qrip epidemiyasında həyatını itirənlərin skeletləri, gələcək illərdə baş verə biləcək epidemiyaların təsirləri haqqında ipucu verir. Bəşər tarixinin ən böyük məlum epidemiyalarından biri olan 1918-ci il qripinin 20-30 yaş qrupunda güclü və sağlam insanları əhatə etməsi o dövrdə böyük sarsıntı idi. Lakin epidemiya dövründə Birinci Dünya Müharibəsinin iştirakçısı olmuş Avropa ölkələrində effektiv senzura tətbiq olunduğu üçün yazılı mənbələrdə virusun ortaya çıxması və əhatə dairəsi ilə bağlı ciddi çatışmazlıqlar var.
Bu gün tədqiqatçılar tarixin bu ən mühüm pandemiyasına dair bütün mənbələri bir araya gətirməyə çalışırlar. 1918-ci il qripi sürətlə yayılırdı və sağlam və güclü gəncləri asanlıqla öldürürdü. Yəni gənc və sağlam olmaq özünüzü virusdan qorumaq üçün əsas deyildi. Virus ən azı 50 milyon insanı fərq qoymadan öldürüb. Bu, o dövrlərdə dünya əhalisinin təxminən 3 faizinə bərabər idi. 105 il əvvəl baş verən bu fəlakət indi gələcək illərdə baş verə biləcək mümkün pandemiyalarda risk qruplarının erkən aşkarlanması üçün mühüm ipuçları verir.
Qeyd edək ki, insanların sümüklərini tədqiq edən mütəxəssislər xroniki xəstəlikləri və qidalanma problemi olan insanların mümkün epidemiyada ölmə ehtimalının iki dəfədən çox olduğunu ortaya çıxarıblar. Yoluxucu və xroniki xəstəlikləri olan insanlar bir nömrəli hədəf olacaq, sümük zəifliyi olanların qripə daha həssas ola biləcəyi ortaya çıxıb.
Pərvanə Fərhadqızı












