Son günlər İran və Azərbaycan arasında baş verən hadisələr fonunda, diplomatların təhlükəsizliyi məsələsi gündəmə gəlib. Bu çərçivədə Azərbaycan səfirliyi və Təbrizdəki konsulluğun əməkdaşlarının təxliyəsi həyata keçirilib.

Cəmiyyətin İnkişafı Mərkəzinin sədri Əhməd Abbasbəylinin QHT.az-a verdiyi açıqlamada qeyd edib ki, Azərbaycan Respublikası daim və davamlı olaraq regionda sülhün və təhlükəsizliyin tərəfdarı və təminatçılarından biri kimi çıxış edib. O, vurğulayıb ki, Azərbaycan həmişə qonşu dövlətlərlə bütün sahələrdə – siyasi, iqtisadi, sosial, mədəniyyət və digər sahələrdə sıx əməkdaşlıq etməyə çalışıb, mehriban dostluq və qonşuluq siyasəti üzərində fəaliyyətini qurub və müxtəlif sahələrdə uğurlu tədbirlər həyata keçirib.

Əhməd Abbasbəylinin sözlərinə görə, təəssüf ki, bəzən bu xoşməramlı addımlar düzgün qiymətləndirilməyərək zəiflik kimi qəbul edilir və bəzi qonşu dövlətlər öz ambisiyalarını təmin etmək üçün təzyiqlər göstərir. O, qeyd edib ki, Azərbaycan dövləti bu kimi hallara həmişə tutarlı və kəskin cavab verib, hər kəsi layiq olduğu yerə oturtmağı bacarıb və bütün qonşu dövlətlərlə bağlı hadisələri eyni səpkidə idarə edib.

O, vurğulayıb ki, son hadisələrlə bağlı Azərbaycanın mövqeyi açıqdır: ölkə heç vaxt öz ərazisindən başqa dövlətlərə hücum və ya təhdidlərin təşkili üçün yol verməyib və verməyəcək. Eyni zamanda səfirlik və konsulluq əməkdaşlarının təxliyəsi Azərbaycanın beynəlxalq normalara uyğun olaraq diplomatların təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilib.

Əhməd Abbasbəylinin sözlərinə görə, bu, birinci hal deyil və Azərbaycanın digər ölkələrlə səfirlik təxliyəsi təcrübəsində də bənzər addımlar görülüb. O, qeyd edib ki, Azərbaycan tərəfi qonşularla mehriban münasibətlərin qorunmasını prioritet hesab edir. Naxçıvana atılan dronla bağlı ciddi araşdırma aparılacaq və cinayəti törədənlər layiqli cəzalarını alacaqsa, Azərbaycan-İran münasibətləri əvvəlki qaydada davam etdiriləcək. Əks halda, Azərbaycan adekvat cavab vermək hüququnu saxlayır.

Zəhra Ağayeva