Heydər Əliyev ideyaları işığında
Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı və Masallı Tarix-Diyarşünaslıq Muzeyi ərazi partiya təşkilatının birgə əməkdaşlığı ilə ”Heydər Əliyev ideyaları işığında dinamik inkişaf edən, ərazi bütövlüyü bərpa olan Azərbaycan” mövzusunda tədbir keçirilib.
“Heydər Əliyev ili” çərçivəsində YAP Masallı Rayon Təşkilatının yaranmasının 30 illiyi münasibəti ilə Muzeydə keçirilən tədbirdə təşkilatçı müəssisənin əməkdaşları, partiyanın gənc fəalları və veteran qadınları, həmçinin mədəniyyət nümayəndələri iştirak edib.
Əvvəlcə ümummilli lider Heydər Əliyev və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan Masallı Tarix- Diyarşünaslıq Muzeyi ərazi partiya təşkilatının sədri Əntiqə Tağıyeva 1993-cü ilin iyun hadisələri ərəfəsində respublikamızda yaranmış ağır vəziyyətdən, hökm sürən hərc-mərclikdən, Ulu Öndərin xilaskarlıq missiyasından danışıb.
Sonra YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev geniş məruzə ilə çıxış edib. O, Heydər Əliyevin sayəsində Azərbaycan dövlətçiliyi, müstəqilliyinin xilas edildiyini qeyd edib:”Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizdə vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, xarici düşmənlərin və onların daxildəki əlaltılarının Azərbaycanı parçalayıb yox etmək planı puça çıxdı. Ümummilli Liderin qadın siyasətinin nəticəsində bu gün beynəlxalq aləmin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısı olan Azərbaycan qadınının cəmiyyətdə rolu xeyli artmışdır. Bu gün respublikamızda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət qadın siyasəti ölkə Prezidenti İlham Əliyev tərəfindən layiqincə həyata keçirilir...”
Partiyanın veteranlarından Mina Quliyeva, Sevil Ağammədova, gənc fəallardan Elanora Babayeva, Əsmər Əliyeva mövzu ilə bağlı fikirlərini ifadə ediblər.
Akif AĞAYEV












