İctimai nəzarət üçün kifayət qədər hüquqi imkanlar varmı?

 

 Zaur İbrahimov

“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri

 

 

İctimai Şuraların səmərəli ictimai nəzarət həyata keçirməsi üçün mövcud hüquqi imkanlar yetərlidirmi? 

 

Son vaxtlar ictimai nəzarət mexanizmlərinin işlək olması, KİV, QHT-lər, vətəndaşların ictimai nəzarət fəaliyyətləri həyata keçirməsi imkanları, ictimai nəzarət üçün mövcud hüquqi imkanlar barədə müzakirələr açılıb. Bu müzakirələrdə ictimai nəzarət üsul və vasitələri bunlar üçün hüquqi əsaslarla bağlı da fikir mübadiləsi aparılır. Bu müzakirələr çox faydalıdır və ümumilikdə cəmiyyətimizin maariflənməsi və məlumatlanmasına əhəmiyyətli töhfə verir. Bu prosesə töhfə vermək üçün aktual olan bir mövzuda fikirlərimi bölüşməyə qərar verdim. Azərbaycan qanunvericiliyi səmərəli ictimai nəzarət mexanizmləri nəzərdə tuturmu? İctimai Şuraların səmərəli ictimai nəzarət həyata keçirməsi üçün mövcud hüquqi imkanlar yetərlidirmi? 

 

Birinci məsələ ilə bağlı qeyd edim ki, MDB məkanında yalnız Rusiyada 2014-cü ildə və Özbəkistanda 2018-ci ildə  ictimai nəzarət haqqında ayrıca qanun qəbul edilib. Ölkəmizdə 2014-cü ildə qüvvəyə minən “İctimai iştirakçılıq haqqında” qanunda bu ölkələrdəki ictimai nəzarət üsul və vasitələrinin hər biri nəzərdə tutulub. “İctimai iştirakçılıq haqqında” qanun ictimai nəzarəti ictimai iştirakçılığın bir komponenti, həm də məqsədi  kimi nəzərdən keçirərək ictimai iştirakçılıq formalarını, elə ictimai nəzarət üsul və vasitələri kimi nəzərdə tutub. Həmçinin, aparıcı Qərb ölkələrinin təcrübəsi və Avropa Şurasının əsas tövsiyələri “İctimai iştirakçılıq haqqında” qanunda öz əksini tapıb. Eyni zamanda  International Association of Public Participation (IAP2) yanaşması, standartları milli qanunvericilikdə əsasən əks olunub. Bununla bağlı əsas çətinlik informasiya açıqlığının bəzi aspektləri ilə bağlıdır. “İctimai iştirakçılıq haqqında” qanun vətəndaşlara da heç bir təşkilat yaratmadan, yalnız təşəbbüs qrupları vasitəsilə ictimai dinləmə, müzakirə keçirmək, İctimai Şuralara namizəd irəli sürmək hüququ verir. Eyni zamanda dövlət orqanları üçün ictimai iştirakçılıq/nəzarət üçün mexanizmlərin tətbiq ilə bağlı geniş öhdəliklər müəyyənləşdirir. Milli qanunvericilik qərarların hazırlanması mərhələsindən tutmuş, onun icrasına nəzarət edilməsi, izlənilməsi, təkliflər verilməsi, müzakirəyə çıxarılması və s. səviyyəyə qədər iştirakçılıq və ictimai nəzarət, ictimaiyyətlə məsləhətləşmək imkanları nəzərdə tutub. 

 

İctimai Şuraların səmərəli ictimai nəzarət həyata keçirməsi üçün mövcud hüquqi imkanlar yetərlidirmi? – sualına gəlincə vətəndaşların idarəetmədə və qərarların qəbulunda iştirak etmək hüququ Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmişdir. 

 

Konstitusiyanın 55-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşları dövlətin idarə olunması fəaliyyətlərində iştirak etmək hüququna malikdirlər və vətəndaşların birbaşa və ya öz nümayəndələri vasitəsilə idarəetmədə və qərarların qəbulunda iştirakı üçün nəzərdə tutulan bir sıra mexanizmlər, o cümlədən İŞ-lər vasitəsilə bu hüququ həyata keçirə bilərlər.

 

“İctimai iştirakçılıq haqqında” qanun  ictimai iştirakçılığın məqsədlərini müəyyənləşdirir. Əsas məqsəd vətəndaşları dövlət idarəçiliyinə cəlb etməkdir. Dövlət idarəçiliyinə cəlb olunma məsləhətləşmə prosesində iştirak, dövlət orqanlarının fəaliyyətinin monitorinqi və məsləhətləşmə prosesinə daha geniş ictimaiyyətin cəlb edilməsi formasında və digər formalarda ola bilər. İctimai iştirakçılıq müxtəlif üsullarla, o cümlədən ictimai məsləhətləşmələr, ictimai dinləmələr, İŞ-lər vasitəsilə, eləcə də digər üsullarla həyata keçirilə bilər. Hazırda belə bir qabaqcıl təcrübə mövcuddur ki, müvafiq dövlət orqanı İŞ-lərin tövsiyələrini nəzərə alır və hətta öz fəaliyyətlərinin monitorinqi üçün xüsusi olaraq vətəndaş cəmiyyəti təşkilatı və ya İŞ ilə əməkdaşlıq edir. 

 

Dövlət orqanları ilə qarşılıqlı fəaliyyətin digər formaları mütəxəssis məsləhətlərinin verilməsi, dövlət siyasətinin hazırlanması və həyata keçirilməsi üçün təklif və tövsiyələrin verilməsi, normativ hüquqi aktların layihələrinin hazırlanması və (və ya) yoxlanılması və sairədən ibarətdir. İŞ-lər həmçinin ictimai müzakirələr, ictimai dinləmələr, ekspert müzakirələri, konfranslar və digər analoji ictimai tədbirlər keçirməklə, habelə birbaşa və ya müvafiq təşkilatlar vasitəsilə ictimai rəy sorğuları aparmaqla qərarların qəbulu prosesində iştirak edə bilərlər. Bundan əlavə, İŞ-lər beynəlxalq təşkilatların nümayəndələri də daxil olmaqla xarici mütəxəssisləri dəvət etmək hüququna malikdirlər.

 

Eyni zamanda İŞ müvafiq dövlət orqanının fəaliyyətinin müxətlif aspektlərini  monitorinq etmək hüququna malikdir. Belə monitorinq dövlət orqanı tərəfindən ictimaiyyətə müəyyən xidmətlərin göstərilməsinin, dövlət orqanlarının strukturlarının fəaliyyətinin  izlənməsi məqsədilə və yaxud, məsələn, dövlət orqanının fəaliyyətinin müəyyən norma və qaydalara uyğunluğunun, korrupsiya, şəffaflıq və hesabatlılığın, vətəndaş məmnunluğunun səviyyəsinin aydınlaşdırılması və s. məqsədlərlə aparıla bilər. Hazırda İŞ-lər tərəfindən qadınlar və uşaqlar, miqrantlar üçün nəzərdə tutulmuş müvəqqəti sığınacaq yerləri, cəzaçəkmə müəssisələri, müvəqqəti saxlama yerləri, təhsil müəssisələrində imtahanların keçirilməsi, elektron xidmətlərin göstərilməsi və s. ilə bağlı mütəmadi monitorinqlər aparılır və bu artıq institutlaşmış  bir praktika kimi nəzərdən keçirilə bilər. 

 

Bununla yanaşı ictimai rəy sorğularının aparılması, dövlət siyasətinin hazırlanması və həyata keçirilməsi üçün təklif və tövsiyələrin təqdim edilməsi də İŞ-lərin fəaliyyət dairəsinə daxildir. Digər fəaliyyət növləri açıq ictimai müzakirələrin, dinləmələrin, ekspert müzakirələrinin, konfransların və digər analoji ictimai tədbirlərin təşkilini özündə ehtiva edir, amma təkcə onlarla məhdudlaşmır. Göründüyü kimi İŞ-lərin fəaliyyəti üçün hüquqi imkanlar kifayət qədər genişdir və əgər müvafiq bilik bacarıq və niyyət olarsa ictimai nəzarətin həyata keçirilməsi üçün təsirli mexanizmdir.

 

Hazırda ictimai nəzarət mexanizmlərinin işləkliyinin təmin edilməsi üçün əsas vəzifələrdən biri bilik və bacarıqlarının artırılması, geniş miqyasda maarifləndirmə və məlumatlandırmadır. Eyni zamanda həm dövlət qurumlarının, həm də İŞ-lərin cavabdeh saxlanılmasıdır.