Dövlət-QHT əməkdaşlığında yeni mərhələnin əsası qoyulur
 
Dövlət və cəmiyyətin həyatında qeyri-hökumət təşkilatlarının rolunun artırılması bu gün dövlətimizin siyasi kursunun prioritet istiqamətlərindən birini təşkil edir. Bu baxımdan dövlət-qeyri-hökumət təşkilatlarının əməkdaşlığı istiqamətində fəaliyyətlərin yeni dövrün çağırışlarına uyğun təşkil olunması zəruridir. Ölkəmizdə QHT-lərin aktiv fəaliyyəti, dövlət və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və təşviqi, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair qeyri-hökumət təşkilatlarının irəli sürdükləri təşəbbüslərin, proqram və layihələrin mövzularının qiymətləndirilməsi və onlara dair rəy verilməsi, habelə qeyri-hökumət təşkilatlarının beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi Azərbaycan Respublikası Prezidentinin 13 dekabr 2007-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılmasından sonra daha da genişlənmiş və ölkəmizin maraqlarına uyğun fəaliyyətlərində daim vətəndaş cəmiyyəti olaraq aktivlik nümayiş etdirmişlər.
Bu fikirləri QHT.az-a açıqlamasında “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov bildirib.
 
Təşkilat sədri qeyd edib ki, bu ənənəni davam etdirən aidyyatı qurum Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 1317 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə çevrildikdən sonra da bu fəaliyyətlərində yeni istiqamət müəyyən etmişdir.
 
"Agentliyin “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı regional konfransları, QHT-lərin fəaliyyətinin dəstəklənməsi, yerli qurumların onların fəaliyyətinə diqqətini çəkmək, eləcə də birbaşa onların yanında olub, QHT-lərin təkliflərini dinləmək, problemlərini müəyyən etmək məqsədilə həyata keçirilən “QHT ziyarətləri” layihəsi dövlətin bu istiqamətdə siyasi iradəsinin nümunəsidir.
“QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı regional konfransları faydalı və vətəndaş cəmiyyəti institutularının aktivləşdirilməsi baxımından vacib təşəbbüsdür.
 
Bu konfranslar QHT-lərlə dövlət qurumları, xüsusilə də dövlət qurumlarında yaradılan ictimai şuralar arasında sıx əməkdaşlığın təmin edilməsi, son nəticədə vətəndaş cəmiyyətinin davamlı inkişafına nail olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu təşəbbüsü həm də yerli icra qurumlarına dövlətin bir mesajı olaraq dəyərləndirirəm. Çünki ictimai şuraların formalaşdırılması cənab Prezidentin siyasi iradəsinin təzahürü olduğundan daha şəffaf fəaliyyət göstərməli, vətəndaşlardan gələn təklif və iradların daha operativ baxılması və həlli istiqamətində inam yeri rolunu oynamalıdır. Keçirilən konfranslarda da vurğulanan əsas fikir də məhz bu idi ki, ictimai şuraların fəaliyyətinə QHT-lərin aktiv cəlb edilməsi və onların təcrübəsində yararlanmaq vacibdir. Çünki məhz onlar vətəndaşlarla daha sıx əlaqədə fəaliyyət göstərdiklərindən, müəyyən məsələlərə dair monitorinqlər, rəy sorğuları keçirmə təcrübəsinə malik olduqlarından onların ictimai şuralara cəlb edilməsi öz müsbət və effektiv nəticəsini verə bilər.
 
Bütün bu qeyd olunanlar göstərir ki, dövlətimiz də QHT-nın fəaliyyətində, onların daha aktiv, dövlətin taleyüklü məsələlərində fəal vətəndaşlıq mövqeyi nümayış etdirməsində maraqlıdır. Keçirilən konfransların əhəmiyyəti həm də ondadır ki, QHT Agentliyinin rəhbər nümayəndələri, müşahidə şurasının üzvləri, eləcə də ali dovlət orqanı olan Prezident Administrasiyasının məsul əməkdaşları da konfranslarda iştirak edir, bir başa QHT-lərin rəhbərləri, onların nümayəndələri ilə görüşür, yerlərdə onların təklif və dəyərləndirmələrini dinləyir. Bütün bunlar dövlət səviyyəsində vətəndaş cəmiyyəti institutularına yaradılan şəraitin, onlara göstərilən etimadın nümunəsidir. İnanıram ki, bu görüşlər öz bəhrəsini verəcək, yerli dövlət qurumları da öz fəaliyyətlərində QHT-nı öz tərəfdaşları kimi qəbul edəcək və birgə əməkdaşlıqlar nəticəsində cəmiyyətimizin inkişafında, taleyüklü məsələlərinin daha operativ həllində səfərbər olacaq, QHT-lərin və ictimai şuraların fəaliyyətində yeni inkişaf mərhələsinə keçidi təmin edəcək, ictimai iştirakçılığın təşviq edilməsinə şərait yaradacaqdır.
 
“QHT ziyarətləri” layihəsini də yuxarıda qeyd olunan məsələlərdən dolayı əhəmiyyətli hesab edirəm. Agentlik rəhbər şəxsləri və nümayəndələrinin, Prezident Administrasiyasının bir neçə əməkdaşının birgə bir təşkilatın ofisini ziyarət etməsi, təşkilatın işçi heyəti və aparıcı üzvləri ilə üzbəüz görüşərək icra olunan layihə və proqramları yerində nəzərdən keçirmələri, təşkilatları qayğılandıran məsələləri və vətəndaş cəmiyyətinin gələcək inkişaf prespektivlərini müzakirə etmələri dövlətin QHT-lərin aktiv fəaliyyətində maraqlı olduğunun göstəricisidir. QHT-dövlət əməkdaşlığında tətbiq olunan bu yeni, müasir yanaşmalar QHT-ləri daha şəffaf, daha ciddi və əhəmiyyətli məsələlərə dair fəaliyyətə söqv edir. 44 günlük vətən müharibəsindən sonra yaranan yeni reallıqlara dair layihə və proqramların icrası üçün daha məsuliyyətli olmaq üçün motivasiya verir.
 
Bütün bu qeyd etdiklərimiz onu deməyə əsas verir ki, bu gün dövlətimizin cəmiyyət həyatının bütün sahələrində mövcud olan çatışmazlıqların üzə çıxarılması, ictimailəşdirilməsi sahəsində QHT-lərdən gözləntiləri daha çoxdur.
Bu baxımdan da inanırıq və əminik ki, yerlərdə olan icra sktrukturları da dövlətin yanaşmasını öz fəliyyətlərində tətbiq edəcək, xüsusilə də ictimai şuraların cəmiyyət həyatınmdakı rolunun artırılması üçün daha aktiv və şəffaf mexanizmlər qurularaq QHT-lərlə birgə əməkdaşlıqla cəmiyyətimizin inkişafında səmərəli fəaliyyət göstərəcəklər. "