Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi tərəfindən Azərbaycan universitetində “İnsan alveri və məcburi əmək cinayətlərinin törədilməsinə şərait yaradan hallar” mövzusunda görüş keçirilib. 

 

Görüş Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq təşkil olunub. 

 

Tədbirdə İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin əməkdaşları və Azərbaycan Universitetinin “Sosial iş” fakultəsinin  müəllim-tələbə kollektivi iştirak edib. Yardım Mərkəzinin əməkdaşları “İnsan alveri və məcburi əmək cinayətlərinin törədilməsinə şərait yaradan hallar” mövzusunun aktuallığı haqqında məlumatlar veriblər. İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi və onun fəaliyyəti haqqında danışılıb. 

 

Sonra tələbələr mövzuya dair qrup işləri yerinə yetiriblər və hər bir qrupun təqdimatı keçirilib. Təqdimatlarda səsləndirilən fikirlərlə bağlı müzakirələr aparılıb. 

İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin müdiri Həbibə Qəribova və digər çıxış edənlər belə görüşlərin “Sosial iş” fakultəsinin tələbələri üçün əhəmiyyətini  qeyd ediblər. 

 

Sonda tələbələrə insan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirici kitabçalar və bukletlər paylanıb.