“Ermənistan dağ-mədən sənayesində ekologiyanı kobud şəkildə pozur. Buna görə məhz Azərbaycanın səhiyyə və ekologiya yönümlü təşkilatları bu addıma öz etirazını bildirir. Artıq uzun illərdir ki, ekologiyanın ciddi şəkildə kirlənməsi bizi çox narahat edir”.
QHT.az bildirir ki, bu sözləri SİA-ya açıqlamasında Pasiyent Təşkilatları İttifaqı və Hemofiliyalı Xəstələr İctimai Birliyi sədri Ayaz Hüseynov deyib.
Onun sözlərinə görə, bununla bağlı Nikol Paşinyana açıq məktub yazılıb: “Mədənlərin ziyanı və ağır metalların axıdılmasının fəsadları, ekologiyaya vurduğu ziyan qeyd edilib. Məqsədimiz ondan ibarətdir ki, mütləq şəkildə bu cür kirlənmə nəticəsində insanların sağlamlığına ziyan dəyməsinin qarşısını almaqdır. Açıq məktubda konkret olaraq hansı dağ mədənlərindən söhbət getdiyi, neçənci ildən fəaliyyət göstərməsi, beynəlxalq standartlara məhəl qoyulmaması öz əksini tapıb.
Ermənistan hakimiyyəti özlərinin və ən əsası qonşu ölkələrin vətəndaşlarının sağlamlığına ziyan verilməsinin qarşısını almalı, atılan addımlara görə məsuliyyət daşımalıdır.
Biz səhiyyə yönümlü vətəndaş cəmiyyətləri tərəfindən də üzv olduğumuz beynəlxalq təşkilatlara bununla bağlı məsələ qaldıracağıq. Çünki insanların və təbiətin qorunması ən vacib işdir”.












