Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirib ki, avqust ayında ixtisas seçiminin ilkin nəticələri açıqlanıb.
Onun sözlərinə görə, ali təhsil müəssisələrində boş qalan yerlər, həmçinin 11 illik bazadan orta ixtisas təhsili müəssisələri və yeni kolleclərin ixtisas seçimi başa çatmaq üzrədir və yaxın günlərdə nəticələr ictimaiyyətə təqdim ediləcək. Nəticələrdən sonra təhsil müəssisələrinə birbaşa qeydiyyat elan olunacaq:
“Valideynlər çox vaxt övladlarına öz arzularını tətbiq etmək istəyirlər. Bu il də kifayət qədər belə hallarla rastlaşdıq. Nəticədə valideynlərlə övladlar arasında ciddi mübahisələr yaşandı. Amma sonda əksər abituriyentlər öz seçimlərini etdilər. Əsas məsələ gənclərin ixtisas seçərkən məqsədlərinin aydın olmamasıdır. Gənclərimiz çox vaxt seçdikləri ixtisasa nə üçün yiyələnmək istədiklərini, bu peşəni niyə seçdiklərini bilmirlər. İxtisaslar barədə kifayət qədər məlumatlı deyillər. Bu da ciddi problemdir”.
Əmrah Həsənli valideynlərə tövsiyə edib ki, övladlarının gələcək peşə seçimində yalnız istiqamət göstərməklə kifayətlənsinlər:
“Mən hər zaman deyirəm ki, gənclər 7-8-ci sinifdən etibarən maraqlarına, bacarıqlarına və əmək bazarının tələbatına uyğun istiqamət götürməlidirlər. Valideynlər isə övladlarına məcburi şəkildə “bu ixtisası seçməlisən” demək əvəzinə, onların seçiminə dəstək olmalıdır”.
Pərvanə Fərhadqızı












