Saatlı Rayon İcra Hakimiyyəti və Mil-Muğan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə rayon icra hakimiyyətində ali məktəb qəbul imtahanlarında yüksək nəticə göstərən, qızıl medalla təltif edilmiş tələbələr və 9-cu sinif buraxılış imtahanında region üzrə ən yüksək nəticə göstərən şagirdlərlə görüş keçirilib.
QHT.az xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, məktəb direktorları, valideynlər və şagirdlər iştirak ediblər.
Elmir Bağırov çıxışında ölkədə təhsilin inkişafı istiqamətində dövlət siyasətindən danışıb, yüksək nəticə göstərən şagird və tələbələri təbrik edib. Bəhruz Nəbili isə son illərdə Saatlı rayonunda təhsil sahəsində əldə olunan nailiyyətləri yüksək qiymətləndirib və gəncləri uğurlara həvəsləndirməyin əhəmiyyətini vurğulayıb.
Uğur qazanmış tələbə və şagirdlər rayon icra hakimiyyətinin Fəxri Fərmanı və hədiyyələrlə təltif olunub, tədbir xatirə şəkili ilə yekunlaşıb.
Pərvanə Fərhadqızı












