“Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin sədri Akif Kərimov 2024-cü il oktyabr ayının 5-də Neftçalada Regional İnkişaf İctimai Birliyinin dəstəyi ilə keçirilən, Azərbaycanın və dünyanın bir sıra nüfuzlu universitetlərinin, dilçi-alimlərinin iştirak etdiyi “AZLİNG – 2024: Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” mövzusunda Beynəlxalq elmi konfransda çıxış edib.

QHT.az xəbər verir ki,  Dilçilik problemlərinə həsr olunmuş beynəlxalq konfrans Neftçaladakı Heydər Əliyev Mərkəzində keçirilib. Konfransda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Sumqayıt Dövlət Universitetinin rektoru, kimya üzrə fəlsəfə doktoru Rüfət Əzizov, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Məktəbəqədər və ibtidai təhsil” elmi-metodik jurnalın baş redaktoru Böyükağa Mikayıllı, Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Aqşin Əliyev və digər mütəxəssislər, alimlər məruzə ediblər. Konfrans bölmə iclasları ilə davam edib. Qeyd edək ki, konfrans artıq 4-cü dəfədir ki Neftçalada təşkil olunur.