Masallıda idmançılarla görüş keçirilib
Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 2022-ci ildə ölkə çempionatları və beynəlxalq turnirlərdə uğur qazanmış bir qrup idmançı ilə görüş keçirilib.
“Masallı Gənclər evi” Sosial Xidmət Müəssisəsində təşkil olunan tədbir öncəsi Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon gənclər və idman idarəsinin rəsi Sabiq Cahangirov görüş iştirakçılarını qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, idmançılara uğurlar arzulayıb. O, idarə nəzdində fəaliyyət göstərən uşaq-gənclər idman məktəbi yetirmələrinin ötən il ərzində imza atdıqları qələbələrdən söz açıb, idmançıları və məşqçi-müəllimləri qazandıqları uğurlu nəticələrə görə təbrik edib, onlara hər zaman rayonumuzun və ölkəmizin idman şərəfini uca tutmağı arzulayıb.
Respublikanın Əməkdar məşqçisi Xanağa Quliyev idmançılara bayram təbrikini çatdırıb, həmkarları ilə birgə növbəti yarışlarda daha yüksək göstəricilər əldə edəcəklərinə əminliyini ifadə edib.
Tədbirin sonunda 2022-ci ildə müxtəlif yarışlarda qələbə qazanmış idmançılar rayon gənclər və idman idarəsi tərəfindən təşəkkürnamələrlə təltif olunub.
Akif Ağayev












