Masallılı atletlər Budapeşt marafonunun medalçısıdır
Masallı rayonundan olan Ağa Ağazadə və Elnur Amanov “SPAR Budapeşt Marafonu”nda uğurla çıxış edərək medal qazanıblar.
12 oktyabr 2025-ci il tarixində Macarıstanın paytaxtı Budapeştdə keçirilən marafonda iştirak edən atletlərimiz 42,195 kilometr məsafəni (tam marafon) təyin olunmuş vaxtda qət edərək finişə çatıb və yarışın sertifikatı ilə yanaşı medalına da layiq görülüblər.
Dünyanın müxtəlif ölkələrindən 20 mindən artıq idmançının qatıldığı bu nüfuzlu yarışda Azərbaycanı “Baku Marafon Klubu”nun dörd üzvü təmsil edib və onların hər biri medal qazanaraq qaliblər sırasında yer alıb.
Ərkivan qəsəbə sakini, ixtisasca uroloq-androloq olan, həmçinin 44 günlük Vətən müharibəsinin iştirakçısı kimi tanınan Ağa Ağazadə bildirir ki, bu ilin avqust ayında dizimdən əməliyyat olunsam da, bu möhtəşəm yarışda iştirak edib mükafat qazanmaq mənim üçün həyatımın ən önəmli hadisələrindən biridir.
Xoşçobanlı kəndindən olan, tibbi avadanlıqların satışı üzrə mütəxəssis Elnur Amanov isə deyir: “Cəmi beş aydır ki, “Baku Marafon Klubu”nun üzvüyəm. Buna rəğmən, özumu bu mötəbər yarışa hazır bilib, marafona qatıldım. Çətin olsa da qarşıma qoydugum hədəfə nail oldum.”
Xatırladaq ki, “SPAR Budapeşt Marafonu” Macarıstanın ən önəmli yol qaçışı tədbirlərindən biri olmaqla yanaşı, Mərkəzi Avropanın da qaçış təqvimində mühüm yer tutur. Marafon sürətli və mənzərəli marşrutu ilə seçilir — iştirakçılar Budapeştin mərkəzindən keçərək Buda Qalası, Parlament binası və Zəncir Körpüsü kimi tanınmış memarlıq abidələrinin önündən keçirlər. Yarış 1989-cu ildən etibarən BSI tərəfindən təşkil olunur və həm yerli, həm də beynəlxalq iştirakçılar üçün yüksək səviyyəli idman təcrübəsi təqdim edir.
Akif AĞAYEV












