Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov sosial və ictimai sahələrdə təşkilatın göstərdiyi fəaliyyətlərlə bağlı QHT.az- a eksklüziv müsahibə verib. QHT sədrinin müsahibəsini diqqətinizə çatdırırıq.

 

QHT.az: Mövcud fəaliyyətləriniz nələrdən ibarətdir, hansı sahələrdə fəaliyyət göstərirsiniz?

 

Vüqar Əhmədov: Əsas fəaliyyətlərimiz gənclərin iştirakçılığını və fəal vətəndaşlığı təşviq etmək, vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı gənclərin fərdi və qrup təşəbbüslərini dəstəkləməkdir. Təşkilat olaraq çalışırıq ki, gənclərin beynəlxalq əməkdaşlıq istiqamətində rolunu daha çox artıraq, eyni zamanda bu prosesə region gənclərini daha çox cəlb edək. Ölkəmizin prioritetlərinə uyğun bu işləri qurmağa çalışırıq. Gənclər siyasətində daha çox iştiraka nail olmaq, beynəlxalq inteqrasiyanı genişləndirmək, sülh quruculuğu və mədəniyyətlərarası dialoqa töhfə vermək təşkilatın əsas prioritetlərindən hesab olunur. Bu ilin fevralın 7-də bildiyimiz kimi Azərbaycanda Prezident seçkiləri keçiriləcək, yaxın gələcəkdə Parlament seçkilərinin keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə biz fəaliyyət göstərdiyimiz ötən illərdə xüsusən regionlarda seçki maarifləndirilməsi üzrə təlimlər keçirmişik. Bu daha çox gənclərin seçici kimi seçkilərə cəlb olunmasını nəzərdə tuturdu. İndiki mərhələdə biz çalışırıq ki, gənclərin siyasi iştirakçılığını stimullaşdırmaq, ölkənin siyasi və sosial həyatında gənclər siyası baxımdan daha hazırlıqlı və fəal olsun. Əlbəttə burada ucqar bölgələrdə yaşayan gənclərin hədəfləndirilməsi daha çox nəzərdə tutulur.

 

QHT.az: Təşkilatınızın missiyası, məqsədləri, nailiyyətləri haqqında danışa bilərsiniz?

 

Vüqar Əhmədov: Təşkilatımız son 20 ildə uzun bir yol keçib. Həm beynəlxalq istiqamətdə, həm də regionlarda bir çox layihələr həyata keçirimişik. Missiya və məqsədimiz Azərbaycan həqiqətlərini Qərbdə geniş təbliğ etmək olmuşdur. ABŞ və Avropada beyin mərkəzləri ilə sıx əməkdaşlıq edərək bu ölkələrə səfərlər edərək Azərbaycanın reallıqlarını çatdırmağa çalışmışıq. Azərbaycanda da Avropa İttifaqı və Avropa Şurası və digər qurumların dəstəyi ilə bir sıra beynəlxalq tədbirlər keçirimişik. Bu istiqamətdə fəaliyyətimiz davam edir. Son iki ildə beyin mərkəzləri ilə regional əməkdaşlıq, sülh quruculuğu, gənclərin məşğulluğu və digər sahələr üzrə yerli və beynəlxalq təşkilatların dəstəyi ilə layihələr icra etdik. Eyni zamanda QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə İstanbul şəhərində Azərbaycan və Türkiyə QHT-lərinin Forumunu keçirdik. Ötən il həm də təşkilatın beynəlxalq təmsilçiliyi də çox geniş oldu. Ardıcıl olaraq təşkilatımız İsveçrə, Almaniya, Rumıniya, Polşa, Gürcüstan və digər ölkələrdə beynəlxalq tədbirlərdə fəal şəkildə təmsil olundu və beynəlxalq vətəndaş cəmiyyətinin inkişafına həsr olunmuş beynəlxalq konfrans və platformalarda iştirak etdik, təqdimatlar keçirdik. Nəhayət ikinci ildəki cəhddən sonra ötən ilin noyabr ayında təşkilatımız Portuqaliyanın Lisabon şəhərində keçirilən Beynəlxalq Gənclər Mediası (European Youth Press) beynəlxalq şəbəkəsinə baş assambleyada müşahidəçi kimi üzv statusda üzv qəbul edildi. Bu bizim üçün nəaliyyət sayıla bilər, çünki Azərbaycandan hələ ki, bu quruma üzv olan yeganə təşkilat bizik. Bu beynəlxalq platformada əsasən Avropa ölkələri və bir sıra Şərq tərəşfdaşlığı ölkələri geniş təmsil olunur. Biz öz təşkilatımızın təqdimatını online vasitəsi ilə geniş auditoriyaya etdik və bizimlə yanaşı Avropa məkanından digər 5 QHT də bu beynəlxalq şəbəkəyə üzv qəbul olundu. Bu platformadan beynəlxalq əməkdaşlığımızı gücləndirmək üçün bir imkan kimi istifadə etməyi düşünürük. 

 

QHT.az: Təşkilatınızın cəmiyyətə təsiri və sosial inkişafı üçün hansı addımlar atılır?

 

Vüqar Əhmədov: Sosial və ənənəvi mediadan aktiv şəkildə istifadə edərək öz mesajlarımızı və fəaliyyətlərimizi çatdırmağa çalışırıq. Keçirilən tədbirlərə, ölkəmizdə akreditə olunmuş səfirliklərin və beynəlxalq təşkilatların tədbirlərinə qatılaraq şəbəkələşməni daha da genişləndiririk. Eyni zamanda tərəfdaş təşkilatların keçirdiyi beynəlxalq tədbirlərə qatılırıq, regionlara müntəzəm səfər edərək region gəncləri ilə fəal iş aparırıq. Təhsil müəssisələrində gənclərlə də iş aparırıq. Layihələrimizin əsas hədəf qrupu gənclər olduğundan əksər layihələrdə onların inkişafı ilə bağlı olur fəaliyyətimiz. Ona görə çalışırıq ki, gənclərin daha çox beynəlxalq əməkdaşlığının qurulmasına nail olaq, onların beynəlxalq təmsilçiliyini artıraq. Bu yaxınlarda bir beynəlxalq layihə çərçivəsində tərəfdaş olduq. Belə olan halda biz ora bir neçə gənc nümayəndəmizi göndəririk. Eyni zamanda xaricdə belə imkanlar olanda çalışırıq ki, gəncləri belə imkanlar haqqında geniş məlumatlandıra bilək. Əlbəttə ki, bu təşkilatımızın inkişafı ilə yanaşı gənclərimizin də inkişafına öz təhfəsini verir.

 

QHT.az: Gələcək aylar və illər üçün planlaşdırılmış tədbirləriniz, istiqamətlər və məqsədlər nələrdən ibarətdir?

 

Vüqar Əhmədov: Qarşıdakı illərdə ölkəmizin prioritetləri və inkişaf məqsədlərinə uyğun olaraq böyük qayıdış prosesində Qarabağ və Şərqi Zəngəzur bölgəsində məcburi köçkün gənclərin sosial və iqtisadi inkişafı və məşğulluq məsələləri bizim üçün diqqət mərkəzində olacaq. Bununla yanaşı gənclərin sülh quruculuğunda iştirakı və bu sahədə beynəlxalq əməkdaşlığımızın gücləndirilməsi istiqamətində layihələr həyata keçirməyi düşünürük. Gənclərin siyasi iştirakçılığının və savadlılığının artırılması, fəal vətəndaşlıq və media təşəbbüslərinin dəstəklənməsi, ucqar bölgələrdə yaşayan gənclər üçün imkanların əlçatan olması kimi fəaliyyətləri həyata keçirməyi düşünürük. Bütün bunlar gənclərin qərarvermə prosesi və idarəetmədə rolunu daha çox artırmağa xidmət edir ki, bu birbaşa onların inkişafına öz müsbət təsirini göstərəcəkdir. Ölkə xaricində də aktiv beynəlxalq əməkdaşlığı davam etdirməyi, beynəlxalq platformalarda təmsil olunmağı, beynəlxalq layihələrə tərəfdaş kimi qoşulmağı və xüsusən ABŞ QHT-ləri ilə birgə yeni təşəbbüsləri nəzərdən keçirəcəyimizi düşünürəm.

 

Pərvanə Fərhadqızı

QHT.az