Vətəndaş Təşəbbüsləri və İctimai Maarifləndirmə İctimai Birliyinin sədri bizimlə səmimi söhbət etdi. Bu müsahibədə siz Elşən Nağıyevin rəhbərliyi altında təşkilatın gələcək planları, strategiyaları, missiyası, şəxsi perspektivləri, sosial və ictimai sahələrdə təşkilatın göstərdiyi fəaliyyətlər haqqında məlumat əldə edəcəksiniz.
QHT.az müsahibəni təqdim edir.
QHT.az: Salam Elşən müəllim. Zəhmət olmasa suallarımızı cavablandırardınız. Mövcud fəaliyyətləriniz nələrdən ibarətdir?
Elşən Nağıyev: Vətəndaş Təşəbbüsləri və İctimai Maarifləndirmə İctimai Birliyi 2011-ci ildə təsis edilib, 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Həmin ildən başlayaraq bir çox uğurlu layihələr həyata keçirib. Layihələr arasında Milli qəhrəmanlarımız haqqında vebs aytın yaradılması, Multikulturalizmin təbliği, elektron kitabxananın yaradılması və s layihələri qeyd etmək olar.
QHT.az: Təşkilatınızın missiyası və məqsədləri nələrdir?
Elşən Nağıyev: Təşkilatımızın missiyası və məqsədi, sosial məsələlər, bu sahədə yenilikləri haqqında maarifləndirmə, sosial-iqtisadi inkişaf sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirləri təbliğ və ümumilikdə ictimai maarifləndirməyə yardım etməkdir.
QHT.az: Əsas nailiyyətləriniz hansılardır?
Elşən Nağıyev: Düşünürəm ki, təşkilatımızın səkkiz illik fəaliyyəti uğurlu olmuşdur. Xüsusuilə, milli qəhrəmanlarımızın cəmiyyətə tanıdılmasına verdiyimiz dəstəyi nailiyyət hesab etmək olar. Milli qəhrəmanlarımızın tanıdılması məqsədilə keçirdiyimiz tədbirlər, gənclərlə keçirilmiş görüşləri və veb saytın yaradılmasını qeyd edə bilərəm. Bu illər ərzində təşkilatımız bir neçə QHT koalisiyasına üzv olmuş və ictimai maarifləndirmə sahəsində Qeyri Hökumət Təşkilatları və mətbuatla əməkdaşlığı genişləndirmişdir.
QHT.az: Gələcək aylar və illər üçün planlaşdırılmış tədbirləriniz nələrdən ibarətdir?
Elşən Nağıyev: Hazırda torpaqlarımızın işğaldan azad olunması və dövlətimizin bütün ərazilərimizdə süverenliyini bərpa etməsi tarixi torpaqlarımız olan Qərbi Azərbaycan probleminin gündəmə gəlməsini zəruri edir. Qarşıya qoyduğumuz əsas məqsəd bu torpaqlarda mövcud olmuş və ermənilər tərəfindən vəhşicəsinə dağıdılmış maddi mədəniyyət abidələrimiz haqqında məlumatları dünya ictimaiyyətinə və Azərbaycan cəmiyyətinə tanıtmağı nəzərdə tutmuşuq. Bu məqsədlə müxtəlif tədbirlərin keçirilməsini və ingilis dilində veb saytın yaradılması planlaşdırılmışdır.
Pərvanə Fərhadqızı
QHT.az












