“Mədəniyyət və İncəsənət Əsərlərinin Müəlliflərinə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və REAL TV-nin ölkəmizdə koronavirus epidemiyasının geniş yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etmək məqsədilə Şuranın Real TV ile birge kecirdiyi #EvdeqalCemiyyetiqoru kampaniyasina qosulduğunu bəyan edir.
Bütün dünyada yayılan Koronavirus (COVİD-19) infeksiyası ilə bağlı, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da həyati vacib addımlar atılır. Dövlətimiz Ümumdünya Səhiyyə Təşkilatının müvafiq tövsiyələrnə uyğun qabaqlayıcı və profilaktik tədbirləri görür. Azərbaycan Respublikasi Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanına əsasən Nazirlər Kabineti yanında Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Fondun məqsədi koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq, onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək və görülən işlərlə bağlı ictimaiyyəti operativ şəkildə məlumatlandırmaqdır. Bu gün vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək, mövcud preventiv tədbirlərin şərtlərinə ciddi əməl etmək tələb olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban xanım Əliyeva çıxışlarında həmvətənlərimizi həmrəylik, vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağırır.
“Mədəniyyət və İncəsənət Əsərlərinin Müəlliflərinə Dəstək” İctimai Birliyi Sizi zəruri sosial izolyasiya tədbirlərinə əməl etməyə və bizi evlərimizdə sosial izolyasiyaya vadar edən bu şəraitin doğurduğu zamanı səmərəli keçirməyə dəvət edir. İctimai Birlik öz saytında və facebook səhifəsində “Mədəni maarifləndirmə” proqramının həyata keçirilməsini planlaşdırır. Mövcud situasiyada ən yeni texnologiyaların köməyi ilə öz evimizdən sosial media, elektron poçt, digər onlayn vasitələrdən istifadə edərək, bir-birimizlə ünsiyyəti davam etdirə bilərik, müxtəlif təlimlərdə iştirak edərək ən yeni biliklərə yiyələnə və mədəni proqramların iştirakçısına çevrilə bilərik.


