Oktyabrın 2-dən 13-dək ATƏT İnsan meyarı üzrə Konfrans keçirir. Bu gün konfransda Qeyri-qanuni Məhkəmələr haqqında mövzu ilə bağlı çıxışlar olub.

QHT.az xəbər verir ki, Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov çıxışında 3 məsləyə toxunub. QHT sədri qeyd edib ki, son vaxtlara qədər Azərbaycan ərazisində qeyri-legitim məhkəmələr fəaliyyət göstərirdi: “Bu məhkəmələr 30 ildən artıq Ermənistanın işğalı altında olan ərazilərdə yaradılıb. Bu saxta məhkəmələrdə minlərlə insan, o cümlədən girovlar, əsirlər, bu ərazidə yaradılmış marionet rejimlə razılaşmayan erməni əsilli insanlar mühakimə olundu. Bir neçə gün əvvəl saxta məhkəmə də daxil olmaqla, marionet rejim özünü qanunsuz qurum elan edərək, özünü buraxıb. Lakin məhkum edilmiş qurbanların pozulmuş hüquqlarının bərpası çətin məsələ olaraq qalır”.

Məhkəmədənkənar cəzalar haqqında da danışan Sahib Məmmədov bildirib ki, Ermənistan “Bütün şəxslərin məcburi itkin düşməsindən müdafiəsi haqqında” Beynəlxalq Konvensiyaya qoşulmasına baxmayaraq, Birinci Qarabağ müharibəsi zaman girov və əsir götürdüyü minlərlə insanı məhkəmədən kənar cəzaya məruz qoymuşdur: “Amma indiyə qədər  şəxslərlə bağlı  heç bir məlumat vermir. İşğaldan azad edilmiş ərazilərdə onlarla kütləvi məzarlıq aşkar edilib. İnsanlar işgəncəyə məruz qalaraq öldürülmuş və ya diri-diri basdırılaraq öldürülmüşdür. Beynəlxalq Qızıl Xaç Komitəsinin rəsmi saytında 4496 girov və əsir götürülən azərbaycanlı mülki vətəndaş və hərbçi haqqında məlumat yerləşdirilib. Onlar Birinci Qarabağ müharibəsi zamanı girov və əsir olublar. Onların hamısı qəddar işgəncələrə məruz qalmış, zorlanmış və əzab verilərək öldürülmüşdür. 200-ə yaxın körpənin orqanları erməni qurumları tərəfindən çıxarılaraq satılıb”.

QHT sədri həmçinin bildirib ki, Azərbaycanın məhkəmə sistemində həbs qətimkan tədbirinin seçilməsi praktikası geniş yayılıb: “Bununla bağlı Ali Məhkəmənin Plenumunun xüsusi qərarı var. Həmçinin Ölkə Prezidenti tərəfindən imzalanmış sərəncamda  prosessual məcburiyyət tədbiri qismində həbs qətimkan tədbirinin seçilməsi praktikasına toxunulub və müvafiq tədbirlərin görülməsi tapşırılıb. Bu halın olması müəyyən hallarda azadlıq hüququnun pozulmasına gətirir”.

 

 

Pərvanə Fərhadqızı