“Ailələrə Sosial Dəstək” İctimai Birliyinin sədri, əməkdar müəllim Esmira Rəhimova QHT.az-a açıqlamasında bildirib ki, məktəblərdə kağız jurnaldan elektron jurnala keçid son illər tətbiq edilən ən mühüm yeniliklərdən biridir.
Onun sözlərinə görə, elektron jurnal vasitəsilə işlər daha sürətli və operativ şəkildə həyata keçiriləcək, müəllimlər isə kağız daşıyıcıların daşınması və saxlanılması kimi əlavə yüklərdən azad olacaqlar.
"Elektron jurnal həm müəllimlər, həm də valideynlər üçün böyük üstünlüklər gətirir:
-
Valideynlər və məktəb rəhbərliyi real vaxtda qiymət və davamiyyət məlumatlarına baxa biləcək.
-
Rəqəmsal platformada şagird, valideyn, müəllim və məktəb rəhbəri üçün fərdi kabinetlər mövcuddur.
-
Valideynlər övladlarının göstəricilərini elektron sistem vasitəsilə avtomatik olaraq təhlil edə biləcəklər.
“Elektron jurnal təhsil sisteminə müasirlik və innovasiya gətirəcək, idarəetmədə çeviklik və dəqiqlik təmin olunacaq. Şagirdlərin akademik uğurları daha obyektiv qiymətləndiriləcək, şəffaflıq təmin olunacaq və valideyn-məktəb əlaqəsi güclənəcək,” – deyə Esmira Rəhimova bildirib.
Eyni zamanda, əməkdar müəllim qeyd edib ki, ölkədə internet və texniki imkanların bərabər paylanmaması, müəllimlərin hazırlıq səviyyəsinin fərqli olması platformanın fəaliyyətində müəyyən problemlər yarada bilər. Lakin o, bu çətinliklərin zamanla aradan qalxacağını vurğulayıb:
“Bəzi məktəblərdə internet və texniki avadanlıq çatışmazlığı var, bu, platformanın işində müəyyən ləngimələrə səbəb olacaq. Ancaq bu keçid uzunmüddətli baxışda təhsil sisteminin səmərəliliyini və şəffaflığını artıracaq.”
Pərvanə Fərhadqızı












