“Bullinq təkcə fiziki hücumlarla məhdudlaşmır. Bu kimi mənfi davranışlar qurbanlar üzərində qalıcı təsirlər buraxaraq, cəmiyyətimizin fundamental dəyərlərinə xələl gətirir. Bullinq sosial münasibətlərin zəifləməsi, empatiyanın itməsi və problemlərin həlli bacarıqlarının zəifləməsi ilə nəticələnə bilər ki, bu da gənclər arasında inamsızlıq problemlərini dərinləşdirər”.

QHT.az xəbər verir ki, bu barədə Tarix sahəsində Maarifləndirməyə Dəstək ictimai birliyinin sədri Kənan Məmmədov bildirib. Onun sözlərinə görə zorakılıq məktəb mühitində baş verəcəyi halda təlim mühitinə də ciddi təsir göstərə və təhsilin keyfiyyətini aşağı sala bilər. Bu kimi halların qarşısının alınması müəllim-valideyn əməkdaşlığının effektivliyindən asılı olduğunu da qeyd edən QHT sədri məktəb rəhbərliyi şagirdləri bullinqin mənfi təsirləri ilə bağlı təlim və seminarlara cəlb etməli, müəllimlər şagirdlərin davranışlarını diqqətlə müşahidə etməli və valideynləri məlumatlandırmalı, valideynlər də öz növbəsində övladları ilə fərdi və profilaktik söhbətlər aparmalı olduğunu da vurğulayıb: “Bəs hökumət bu istiqamətdə hansı tədbirləri görə bilər? Hökumət məktəblərdə zorakılıq hallarının vaxtında qarşısının alınması üçün effektiv mexanizmlər yarada bilər. Məktəblərdə zorakılığa qarşı təlim proqramları hazırlana bilər. Məktəblər şagirdlərə psixoloji dəstək xidmətləri göstərmək üçün əlavə resurslarla təmin oluna, məktəb rəhbərləri və müəllimlər zorakılıqla mübarizə mövzusunda təlimlərə cəlb edilə bilər. Zorbalığa qarşı mübarizə məqsədilə güclü qanunvericilik bazası yaradıla, bullinqin cinayət məsuliyyəti və hüquqi nəticələri ilə bağlı yeni qaydalar müəyyənləşdirilə bilər. Təbii ki, bullinq cəmiyyətimizin üzləşdiyi mühüm problemlərdən biridir və bu davranışın mənşəyi və nəticələri üzərində düşünmək bu problemin həlli yolunda ilk addım sayılır. Zorbalığı pisləmək gənclər arasında sağlam və təhlükəsiz münasibətlərə töhfə verə bilər. Cəmiyyət olaraq bu cür davranışların qarşısını almaq və zorakılığın təsirlərini azaltmaq üçün təkcə hökumət, məktəb və valideyn deyil, hər birimiz məsuliyyət daşımalıyıq”.