Prezident İlham Əliyev: “Mən vətəndaşlara müraciət edirəm, biganə qalmayın və nəzarət edin. İctimai nəzarət bir çox məmurları cinayət xarakterli işlərdən çəkindirəcək”


Son illər Azərbaycanda hakimiyyətin bütün qollarında ciddi kadr islahatları aparılıb. Hökumətdə, Milli Məclisdə, Prezident Administrasiyasında, nazirliklərdə, yerli icra orqanlarında böyük dəyişikliklər baş verib. Vətənə, dövlətə və xalqa sədaqətli olan, işinə can yandıran şəxslər müxtəlif vəzifələrə təyinat alıb. Hər kəsin məmnuniyyət duyduğu ASAN Xidmət və DOST mərkəzləri yaradılıb, bir çox sahələrdə elektron xidmətlərə keçid edilməklə məmur-vətəndaş təması minimuma endirilib. Bütün bunlar xalqa daha nümunəvi xidmət göstərməyə hesablanmaqla yanaşı, korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə mühüm rol oynayıb, korrupsiya üçün meydan daralıb. Amma demək olmaz ki, zərərli və neqativ hallara birdəfəlik son qoyulub. Bunun üçün sadəcə ölkənin ali rəhbərinin siyasi iradəsi, dövlət səviyyəsində atılan qabaqlayıcı addımlar, inzibati cəza tədbirləri, kimləri isə cinayət məsuliyyətinə cəlb etmək kifayət deyil. Rüşvət və korrupsiya hallarına qarşı bütün cəmiyyət səfərbər olmalı, ictimai nəzarət ən yüksək səviyyədə təşkil edilməli, vətəndaşlar, qeyri-hökumət təşkilatları (QHT) xüsusi aktivlik nümayiş etdirməlidirlər.

 


Cəzalar çox sərt olacaq


Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bu məsələyə xüsusi diqqət çəkərək, 2022-ci ildə də korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparılacağını bəyan edib. Onun sözlərinə görə, son illər ərzində göstərilən qətiyyət, sözlə əməl arasında olan vəhdət hər kəs üçün dərs olmalıdır: “Mən dəfələrlə dövlət məmurlarına həm rəsmi qaydada, həm də görüşlər zamanı, onları vəzifəyə təyin edərkən təlimat verirdim ki, korrupsiya ilə, rüşvətxorluqla ciddi mübarizə aparılmalıdır və əgər bu və ya digər məmur bu çirkaba bulaşarsa, cəza çox sərt olacaq. Nəticə də onu göstərir - ən yüksəkvəzifəli məmurlar bu gün istintaq qarşısında, məhkəmə qarşısında cavab verməli olublar və haqlı cəzalarını alıblar. Bir daha demək istəyirəm ki, heç kim bu məsuliyyətdən boyun qaçıra bilməz, heç kim qanundan üstün deyil, qanun qarşısında hamı bərabərdir, heç kimin əvvəlki xidmətləri nəzərə alınmayacaq. Xüsusilə bu əyri yola gedən insanların xidmətləri daha çox “ayı xidməti”nə bənzəyir. Ona görə bizim addımlarımız çox sərt olacaq, cəzalarımız da çox sərt olacaq”.

 

 

 

İctimai nəzarətin institusional formatı


Prezident deyib ki, cəmiyyətdə ictimai nəzarətin güclənməsinə xidmət edən ab-hava yaradılmalıdır: “Mən vətəndaşlara müraciət edirəm, biganə qalmayın və nəzarət edin. İctimai nəzarət bir çox məmurları bu cinayət xarakterli işlərdən çəkindirəcək. Ona görə ictimai nəzarətin hansısa institusional formatı da gərək işlənilsin. …Dövlət məmurları bilməlidirlər ki, onların işinə təkcə Prezident Administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edir. …Əgər hansısa dövlət məmuru özünü dəmir barmaqlıqlar arxasında görmək istəmirsə və əgər öz çirkin əməllərindən əl çəkə bilmirsə, o, vəzifədən könüllü çıxsın ki, özünü bədbəxt etməsin”.

 


Korrupsiya ilə mübarizədə əsas şərtlər


Dövlət başçısının şəffaflıq, ictimai nəzarət, korrupsiya ilə mübarizə, islahatlar prosesinin davam etdirilməsi kimi ciddi tapşırıqları hər bir məmur üçün prioritetdir. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev hesab edir ki, korrupsiyaya qarşı mübarizədə ictimai nəzarətin gücləndirilməsi və bu məsələnin təşviqi ilə bağlı Agentliyin üzərinə böyük məsuliyyət düşür. O qeyd edib ki, korrupsiyaya qarşı birgə mübarizə aparmaq üçün ictimai şuraların bir çətir altında toplanması vacibdir. Çünki hər hansı təşkilat ictimai şurada təmsil olunmaqla ictimai nəzarəti həyata keçirə bilməz. Sədr müavininin fikrincə, bu məsələdə fərdi yanaşma olmalıdır. QHT-lərin ölkədə korrupsiyaya qarşı mübarizədə həmişə fəal olduqlarını diqqətə çatdıran V.Quliyev bu fəallığın daha da artırılmasının vacibliyini dilə gətirib. Onun qənaətincə, sıx və əlaqəli əməkdaşlıq korrupsiya ilə mübarizədə əsas şərtlərdəndir: “Bu məsələdə QHT təmsilçilərinin təşəbbüs və təklifləri nəzərə alınacaq. Bu təkliflər götür-qoy ediləcək və lazımi qərar veriləcək. Təkliflərin işlənib hazırlanması üçün işçi qrupun yaradılması da nəzərdə tutulur. Elə məsələlər var ki, onları hüquqi əsas olmadan həll etmək mümkün deyil”.

 

 


Ölkənin dayanıqlı inkişafının təminatı


Milli Məclisin Komitə sədri, akademik Əhliman Əmiraslanov mövzu ilə bağlı açıqlamasında qeyd edib ki, Prezident İlham Əliyevin bütün çıxışlarının, müsahibələrinin mahiyyətində dayanan əsas məsələlərdən biri şəffaflığın təmin olunması, korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi ilə əldə olunan nəticələrdir. Deputatın sözlərinə görə, hər bir ölkənin bütün sahələr üzrə inkişafında məmur-vətəndaş münasibətləri böyük rol oynayır: “Məmur-vətəndaş münasibətlərinin şəffaflığı, məmurların öz fəaliyyətlərində vətəndaş məmnunluğunu əsas hədəf kimi müəyyənləşdirməsi həm ölkəmizin dayanıqlı inkişafının təminatıdır, həm də sabitliyin güclənməsinə xidmət edən vacib amillərdən biridir. Ölkə Prezidenti vətəndaşlarla münasibətdə şəffaflığın artırılmasını, onlara daha keyfiyyətli, rahat, müasir şəkildə xidmət göstərilməsini və vətəndaş məmnunluğunun təmin olunmasını məmurlar qarşısında ən vacib vəzifələr kimi müəyyənləşdirib. Yeniliyə, təkmilləşməyə daha çox meyilli olan ölkəmizdə Azərbaycan brendi kimi nüfuz qazanan “ASAN xidmət” modelində ASAN idarəçiliyin tətbiqi sözlə əməl arasında olan vəhdətin bariz nümunəsidir. Prezident müsahibəsində də bildirdi ki, “Bütün sahələrdə – iqtisadi, sosial, məmur-vətəndaş münasibətləri sahəsində bu model tətbiq edilməlidir. Məmur-vətəndaş təmasları da minimuma endirilməlidir”.

 

 

İctimai iştirakçılığın artırılması


“İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri, QHT.az və ictimaishura.az saytlarının rəhbəri Cəsarət Hüseynzadə isə bizimlə söhbətində vurğulayıb ki, son 10 ildə korrupsiyaya qarşı mübarizə və ictimai nəzarət prosesində QHT-lər maarifləndirmə, monitorinqlər ilə bağlı kifayət qədər işlər görüb. O söyləyib ki, QHT-lər qanunvericiliyin təkminləşdirməsi və qanunlarda vətəndaşların  mövqeyinin qorunması istiqamətində öz təkliflərini irəli sürüblər: “İctimai nəzarətin yeni mərhələyə qədəm qoyması üçün kompleks tədbirlərə ehtiyac var. Dövlət başçısı dəfələrlə çıxışlarında ictimai nəzarətin vacibliyini qeyd edib. 2020-ci ilə yeni formalaşmış Milli Məclisin ilk iclasında da bu məsələyə diqqəti çəkərək, ictimai nəzarətin zəif olduğunu diqqətə çatdırmışdı. Ölkə başçısının bu çıxışından sonra ictimai nəzarətin və ictimai iştirakçılığın artırılması ilə bağlı bir çox addımlar atıldı. Bəzi dövlət qurumları 2014-cü ildən qüvvəyə minən “ictimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu icra etmək istəmirdilər.  Cənab Prezidentin bu çıxışından sonra bəzi dövlət qurumları ictimai şuraların yaradılmasına şərait yaratdılar. Hazırda mərkəzi icra hakimiyyəti orqanları yanında ictimai şuraların sayı 20- yə çatıb. Təkcə 2021-ci ildə 16 nazirlik, komitə və xidmət yanında ictimai şuralara seçkilər keçirilib, bu qurumların 8-də isə məhz ictimai şura ilk dəfə formalaşıb”.

 


Nəzarətçiyə deyil, himayədara çevrilən İctimai Şuralar


C.Hüseynzadə görülən işlər müqabilində hələ də özünü göstərən problemlərdən söhbət açıb. Bildirib ki, bəzi qurumlar İctimai Şura yaratmaqla ictimai iştirakçılığın digər formalarından, yəni ictimai müzakirə, ictimai dinləmə, ictimai rəyin öyrənilməsi, hüquqi aktların layihələrinin ictimai müzakirəsi, yazılı məsləhətləşmədən imtina ediblər, yaxud ictimai şuranın bu formaları məhz ictimai şura üzvləri ilə həyata keçirilib: “Eyni zamanda ictimai şuraların fəaliyyəti üçün imkanlar da məhduddur. Bəzi ictimai şuralar təmsil etdiyi mərkəzi icra hakimiyyəti orqanın himayədarı rolunda çıxış etməyə başladılar. 2021-ci ildə 16 mərkəzi icra hakimiyyəti yanında ictimai şuraya keçirilən seçkilər eyni normativ hüquqi aktlara əsaslansa da hər qurum müxtəlif forma və metodlarla bu seçkiləri keçirdi. Bütün bu monitorinqlər də eyni zamanda onu deməyə əsas verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verərkən ictimai nəzarətin gücləndirilməsi və onun institusional formatının işlənib hazırlanması ilə bağlı fikirləri günün vacib tələbidir. Ölkə başçısı problemin əsas və ana xəttini bizə göstərib. Bu baxımdan ictimai nəzarətin inkişafı ilə bağlı yol xəritəsi hazırlanmalıdır. Hesab edirəm ki, İctimai Şuraların fəaliyyətinin sistemləşdirmək və ictimai nəzarətin təşkilini güçləndirmək üçün müstəqil xüsusi qurum yaradılması effektiv ola bilər. Effektiv ictimai nəzarətin həyata keçirilməsi üçün QHT-lərin bilik və bacarıqlarının, resurslarının inkişafı etdirilməsi, alternativ (daxili və xarici) maliyyə mənbələrinin yaradılması və QHT-lərin səlahiyyətləndirilməsi üçün digər mexanizmlərin işlənilməsinə ehtiyac var”. 

 

Xəyalə Rəis

Moderator.az