Avrasiya Xalqları Assambleyasının Moskvadakı mənzil-qərargahında baş katib Andrey Belyaninov və baş katibin birinci müavini - baş katibliyin rəhbəri Svetlana Smirnova Azərbaycan Milli QHT Forumu İdarə Heyətinin sədr müavini  İradə Rizazadə ilə işgüzar görüş keçiriblər.

QHT.az xəbər verir ki, əsas diqqət təşkilatların 2023-2024-cü illər üçün əməkdaşlıq planına yönəlib. Andrey Belyaninov həmkarlarına Avrasiya Xalqları Assambleyasının və Azərbaycan Milli QHT Forumunun tədbirlərində iştiraka gənclərin cəlb edilməsi mexanizmlərinin birgə işlənib hazırlanmasına, ictimai diplomatiyanın inkişafına və gənclərlə bağlı layihələrin dəstəklənməsinə xüsusi diqqət yetirməyi təklif edib: “İrimiqyaslı Avrasiya musiqi festivalının keçirilməsi mühüm mədəni və diplomatik əhəmiyyət kəsb edə bilər".

Milli QHT Forumu İdarə Heyətinin sədr müavini İradə Rizazadə QHT.az-a bildirib ki, növbəti belə tədbir sentyabrda keçirilməsi nəzərdə tutulub: “Sentyabrda Bakıda birgə tədbirlər zamanı bu təşəbbüslərin ətraflı müzakirəsi qərara alınıb. Belə ki, Bakıda Beynəlxalq Layihənin - “İctimai diplomatiyanın lideri” müsabiqəsinin icrası çərçivəsində “Rusiya-Azərbaycan əlaqələrinin inkişafında xalq diplomatiyasının rolu” mövzusunda beynəlxalq dəyirmi masa keçiriləcək”.

 

Pərvanə Fərhadqızı