“İstənilən sahədə qərarlar qəbul olunan zaman əldə olunacaq nəticələrin həm iqtisadi və həm də sosial təsirləri hesablanır. Ona görə də, istənilən qanun və təlimatlara bir tərəfli baxmaq olmaz. Son zamanlarda təhsilin keyfiyyəti və təhsil səviyyəsinin aşağı olması ilə bağlı sosial şəbəkələrdə, televiziyalarda çox danışılır. Bu sahədə inkişafa nail olmaq və təhsilin keyfiyyətini yüksəltmək məqsədi ilə müvafiq qanunlar və qaydalar qəbul olunur”.
Bu sözləri “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Möhübbəli Nağıyev QHT.az-a açıqlaması zamanı bildirib. O, Nazirlər Kabinetinin müəllimlərin sertifikasiya müddətlərinin 5 ildən 3 ilə endirilməsini ilə bağlı qərarını misal göstərərək qeyd edib ki, sertifikasiya ilə bağlı qəbul olunacaq digər qərarların da təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edəcəyi nəzərdə tutulur: “Nəzərdə tutulan qaydalara əsasən sertifikasiyadan yüksək nəticələr əldə edən (yüksək bal toplayan) müəllimlərin əmək haqqına ediləcək əlavələrdə təhsil səviyyəsinin artırılmasına hesablanır. Qeyd etdiyim kimi, sertifikasiyadan keçmiş müəllimlərin sayının artması da təhsilin keyfiyyətinə müsbət təsirini göstərəcək”.
QHT sədri həmçinin bildirib ki, əgər bu məsələyə iqtisadi cəhətdən qiymət vermiş olsaq, qeyd olunan əmək haqqına əlavələrin büdcədən ayrılmasının büdcəyə mənfi təsir edəcəyini düşünsək bu düzgün olmaz: “Çünki, bu qərarlar təhsilin inkişafına və keyfiyyətin yüksəlməsinə xidmət edəcək, bu da gələcəkdə savadlı nəslin yetişdirilməsinə çox böyük və müsbət təsir göstərəcək. Həmçinin, atılacaq bu addım müəllimlərin öz işlərinə daha ciddi yanaşmaları üçün məsuliyyəti artıracaq. Əlbəttə ki, maaş artımı müəllimlərdə peşəkarlıq səviyyəsinin artırılmasına da müsbət təsir edəcək. Onlar öz üzərlərində daha çox işləyəcək və yeni bilik və bacarıqlarının artırılması üçün çalışacaqlar”.
Pərvanə Fərhadqızı












