“Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Möhübbəli Nağıyev 2 fevral Gənclər günü ilə bağlı QHT.az saytına müsahibə verib.

 

- Möhübbəli müəllim, 2 fevral - Azərbaycanda Gənclər günüdür. QHT sədri olaraq fikirlərinizi bilmək istərdik. Gənclər Günü ilə bağlı ən böyük məsuliyyət nədir və necə qəbul edilir?

 

- Ölkəmizdə həyata keçirilən bütün proqramların əsas aparıcı gücü gənclərdir. Bu, qəbul olunan bütün sərəncamlarda və qərarlarda, tətbiq olunan layihələrdə öz əksini tapır. Bildiyimiz kimi, ölkənin iqtisadi inkişafında gənclərimizin də rolu danılmazdır. Əlbəttə, Dövlətimiz tərəfindən gənclərin də bilik və bacarıqlarının artırılması və onların yüksək təcrübəli mütəxissis kimi yetişmələri üçün müvafiq tədbirlər həyata keçirilir. Qeyd etmək lazımdır ki, bu məqsədlə Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və respublikada fəaliyyət göstərən digər Agentlik və Fondlar qrant vəsaitləri ayırır, müsabiqələr təşkil edir və gənclərin intellektual inkişafına dəstək göstərirlər. Ölkəmizdə Gənclər gününün qeyd olunması gənclərimiz qarşısında böyük məsuliyyət qoyur. Həmin gün, gənclərimiz bir araya gəlir, onlar üçün müxtəlif səpkidə tədbirlər təşkil olunur və növbəti ildə görüləcək işlərlə bağlı onların arzu və təklifləri Gənclər və İdman Nazirliyinə çatdırılır. Bu gün ölkə gəncləri üçün əlaətdar gün kimi qəbul olunur.

 

- Son illərdə Gənclər Günü tədbirlərində hansı yeniliklər və dəyişikliklər olub?

 

- Son illərdə, Dövlətimiz tərəfindən gənclərə göstərilən diqqət və qayğının artması, təhsil alaraq yeni həyata başlayan gənclər üçün iş yerlərinin yaradılması, bilik və bacarıqlarına uyğun olaraq işlə təmin olunması istiqamətində geniş miqyaslı tədbirlər həyata keçirilir. Yəni, son illərdə Gənclər Günü ilə bağlı görülən işlər bunu daha aydın göstərir.

 

- Gənclər Günü Azərbaycanda hansı tədbirlərlə qeyd olunur və bu tədbirlərin əhəmiyyəti nədir?

 

- Qeyd etdiyim kimi, Gənclər günü münasibəti ilə ölkəmizdə geniş miqyaslı tədbirlər həyata keçirilir. Gənclər təşkilatları, Gənclər və İdman idarələri gənclər arasında müsabiqələr təşkil edir, forumlar və görüşlər keçirir. Gənclərlə bir başa fəaliyyət göstərən ictimai təşkilatlar könüllü gənclərlə ölkənin sosial-ictimai həyatı üçün vacib olan işləri yerinə yetirir ki, bu tədbirlərin əhəmiyyəti də ondadır ki, gənclərin gələcək fəaliyyəti üçün stimul verir. Bildiyiniz kimi, bizim təşkilatın əsas məqsədlərindən biri Birliyin Nizamnaməsində qeyd olunan gənclərin iqtisadi maarifləndirilməsidir. Birliyin uzun müddətli strateji planında hər iki ildən bir gənclərin istər hüquqi  və istərsə də sosial-iqtisadi sahələrdə bilik və bacarıqlarının artırılması məqsədi ilə layihələr və tədbirlər həyata keçirilir. Bu layihələrdən biri də 2023-cü ildə Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyimiz “Gənclərin məşğulluq bacarıqlarının artırılması” layihəsidir. Təsadüfi deyil ki, təşkilatımız Şəki Gənclər və İdman İdarəsinin iki il ard-arda “Şəki gəncliyinin dostu” diplomuna layiq görülmüşdür. Qeyd edim ki, Birliyin nəzdində “Gənclərlə iş şöbəsi” fəaliyyət göstərir ki, burada mütəmadi olaraq görüşlər keçirilir, gəncləri maraqlandıran məsələlər müzakirə olunur, sualları ekspertlərimiz tərəfindən cavablandırılır. Onlara təşkilati-hüquqi və sosial-iqtisadə sahələrdə daim dəstək göstərilir. Gənclər günü bizim təşkilatımızda da geniş qeyd olunur. Həmin gün, gənclərin iştirakı ilə yığıncaq keçirir, görülən işlər müzakirə olunur, aktiv gənclər sertifikatlarla mükafatlandırılır və növbəti fəaliyyət ili üçün planlar hazırlanır. Yəni, hər il Gənclər günü bizim təşkilatımızda da bayram kimi qeyd olunur. Fürsətdən istifadə edərək, həm öz adımdan və həm də işçi qrupumuz adından Gənclər Günü münasibəti ilə Azərbaycan gəncliyini ürəkdən təbrik edir, onlara ölkəmizin iqtisadi inkişafı istiqamətindəki fəaliyyətlərində uğurlar arzulayıram.

 

Pərvanə Fərhadqızı

QHT.az