“Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva, QHT.az-a verdiyi açıqlamada QHT-lərin fəaliyyətində istirahət kimi planlamanın nə qədər çətin olduğunu vurğulayıb. O, hansısa proseslərin baş verdiyi zaman aktiv olmalı olduqlarını, kompüteri bağlamaq, telefonu söndürmək və dincəlmək kimi bir şeyin mümkün olmadığını bildirib.

Z. Nuriyeva, QHT-lərin maliyyəsinin davamlı olmadığını, layihə təqdim etdikdən sonra aylarla müqavilə bağlanmasını gözlədiklərini, bu prosesin 6 ay vaxt apardığını qeyd edib. Digər altı ay isə layihə bitdikdə hesabat verməklə keçir. Noyabr ayında yeni elanların başladığını və buna görə təşkilatın işini planlaşdıra bilmədiklərini deyib. "Deyə bilmirik ki, bu aydan bu aya layihə işləyəcəyik, ya 12 ayda 1 ayı istirahət edə biləcəyik. Bunu planlaşdırmaq qeyri-mümkündür" deyə vurğulayıb.

Zülfiyyə Nuriyeva, QHT-lərin maliyyə dəstəyinin və dayanıqlığının təmin edilmədiyini, bu səbəbdən təşkilatların işini illik planlaşdıra bilmədiyini bildirib. O, hər zaman axtarışda olduqlarını, nəyisə düşünməyə məcbur olduqlarını və təşkilatın işləməsi üçün özlərinin təlimlərə qatıldığını və təlimlər keçirdiklərini qeyd edib.

QHT sədri əlavə edib ki, istirahət məsələsinin yaxın zamanda həll olunacağını gözləmir. "Nə vaxt QHT-lər illik layihələrin işləməsinə keçəcək, onda QHT-lərin istirahətindən danışmaq olar. 3-5 aylıq layihələrlə bunu düşünmək çətin məsələdir" deyə vurğulayıb.

 

 

Pərvanə Fərhadqızı
QHT.az