Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Ould və BMTİP-nın Azərbaycandakı Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo birgə layihə çərçivəsində Bərdəyə səfər edib.
QHT.az xəbər verir ki, səfərin məqsədi Bərdədə yerləşən Bərdə Qadın Resurs Mərkəzinin əməkdaşları və fəal üzvləri ilə görüşmək, eləcə də layihə çərçivəsində uğurlu biznes qurmuş qadınlara baş çəkmək olub. Səfər zamanı xanım Rokkasalvo və səfir Ould ilk olaraq Bərdə Rayon İcra hakimiyyətinin başçısı Vidadi İsayevlə görüşüb. Daha sonra qonaqlar Qadın Resurs Mərkəzinin üzvləri ilə görüşüb və onların hekayələrini dinləyiblər.
Səfər BMTİP və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Böyük Britaniya Hökumətinin dəstəyi ilə həyata keçirdiyi “İqtisadi və sosial iştirakın artmasına mane olan əngəlləri aradan qaldırmaq üçün Azərbaycanda münaqişədən təsirlənmiş həssas qruplara daxil olan qadınların səlahiyyətlərinin artırılması və onlar üçün bərabər imkanların yaradılması" layihəsi çərçivəsində baş tutub.
Qeyd edək ki, səfərin yekununda onlar 3 uğurlu biznes qurmuş qadının məkanlarına baş çəkiblər.
Pərvanə Fərhadqızı












