“Sosial Məsələlərin Həllinə Kömək” İctimai Birliyinin sədri Nərmin Daşdəmirbəyli Azərbaycanda könüllülük hərəkatının mövcud vəziyyəti, institusional inkişafı və yaranan boşluqlar barədə fikirlərini QHT.az-a bölüşüb.

QHT sədri qeyd edib ki, son illərdə ölkədə könüllülük fəaliyyəti təkcə sosial təşəbbüs kimi deyil, həm də institusional çərçivədə inkişaf edib. Dövlət qurumları yanında yaradılan könüllü təşkilatları bu prosesə böyük dinamika qazandırıb və gənclər arasında könüllülük mədəniyyətinin sağlam şəkildə formalaşmasına mühüm təsir göstərib:

"Cənab Prezident İlham Əliyevin gənclər siyasətinə dair müvafiq sərəncamları və könüllülüyün inkişafını təşviq edən hüquqi-normativ sənədlər də bu sahənin daha sistemli şəkildə irəliləməsinə zəmin yaradıb. Təbii ki, gözləntilər daha yüksəkdir, çünki həm cəmiyyət, həm təhsil, həm də gənclərin fəallığı daim inkişaf edir.

– Bəs mövcud boşluqlar nələrdir?

Məncə ən ciddi boşluqlardan biri budur ki, könüllü sayı çox olsa da, peşəkarlaşmış könüllülərin sayı hələ də azdır. Yəni könüllülük var, amma peşəkar könüllülük hələ tam formalaşmayıb. Bundan başqa, Bakı ilə regionlar arasında könüllülük fəaliyyətində nəzərəçarpacaq fərqlər mövcuddur. Regionlardakı gənclərin imkanları eyni səviyyədə deyil və bu boşluğun aradan qaldırılması vacibdir".

Nərmin Daşdəmirbəyli həmçinin Bakı ilə regionlar arasındakı könüllülük imkanlarının bərabər olmadığını vurğulayıb:

"QHT-lərin rolu ilk növbədə Bakı–region fərqini azaltmaq və region gənclərinin könüllülük fəaliyyətinə bərabər çıxışını təmin etməkdir. Eyni zamanda QHT-lər peşəkarlaşmış könüllülərin sayını artırmaq üçün davamlı təlimlər, mübadilə proqramları, bacarıq yönümlü inkişaf layihələri yaratmalıdır. Bu cür imkanlar genişləndikcə, həm könüllü hərəkatı daha güclü olacaq, həm də ölkədə peşəkar könüllülərin sayı artacaq".