Ölkəmizdə yüzlərlə QHT və media tərəfdaş ölkələrdən aldığı maddi dəstəklərlə çox vacib işlər həyata keçirir – Azər Məmmədov “Xarici təsir agentləri” barədə


24News.ge media təşkilatının rəhbəri Azər Məmmədov Gürcü Arzusundan ayrılmış “Xalqın gücü” deputatlar qrupunun Gürcüstan Parlamentində “Xarici təsir agentləri” haqqında qanun layihəsini qeydiyyatdan keçirməsini mənfi qiymətləndirir.

 

O, deyir ki, illərdir, xarici ölkələrin maliyyələşdirdiyi təşkilatların, QHT-lərin gördükləri işlər danılmazdır. Məmmədovun sözlərinə görə, QHT-lərin və azad fikirli mediaların güclü olduğu cəmiyyətdə hökumət ictimaiyyət qarşısında özünü cavabdeh hiss edir və atacağı hər addıma, aldığı hər qərara diqqət edir. O, qanunun qüvvəyə minəcəyi təqdirdə QHT və azad medialarla yanaşı Gürcüstan hökumətinin Avropaya inteqrasiyası yolunda da öz mənfi təsirlərini göstərəcəyini deyir.

"Hesab edirəm ki, "Xarici təsir agenti" adlanan qanun layihəsi Gürcüstanda onilliklərdir fəaliyyət göstərən Qeyri Hökumət Təşkilatları və azad media üçün bir təhlükədir. Ölkəmizdə yüzlərlə QHT və media tərəfdaş ölkələrdən aldığı maddi dəstəklərlə çox vacib işlər həyata keçirir. QHT və medianın azad olmadığı cəmiyyətlərdə isə biz bunun tam əksinin baş verdiyini görürük. Bildiyim qədər, Avropa İttifaqı ölkələrinin heç birində bu cür qanun mövcud deyil. Onu da qeyd edim ki, dövlət QHT-lərin maliyələşdirilməsində maraqlı olmur və bu zaman QHT-lər müxtəlif beynəlxalq təşkilatlardan və tərəfdaş ölkələrdən qrant layihələr əldə etmək məcburiyyətində qalır. Belə olan halda isə onlara "Xarici təsir agenti" adı vermək hesab edirəm ki, son dərəcə yanlış addım və yanlış qərardır", – Azər Məmmədov bildirdi.

 

“Yeni Düşüncə İnstitutu”, “Salam”, “Mülki İştirak və Aktivizm Mərkəzi”, “Marneuli Demokrat Qadınlar Cəmiyyəti”, “Marneuli” radiosu... – bu Gürcüstan Parlamentinə təqdim olunmuş qanun layihəsinin təhlükə yaratdığı qeyri-hökumət və media təşkilatlarının kiçik siyahısıdır.

Qeyd edək ki, Rusiya analoji qanunu 2012-ci ildə qəbul edib və bu faktiki olaraq azad media və mülki sektoru məhv edib. Gürcüstanda fəaliyyət göstərən müstəqil media və QHT nümayəndələri bildirirlər ki, yeni qanun layihəsinin məqsədi Rusiya kimi Gürcüstanda da müstəqil media, QHT-ni məhv etməkdir.